Murad Musayev: "Motivasiyan yoxdursa, futbolla vidalaş, get başqa sahədə işlə"

21:58 - 12 Mart 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Demək olar ki, "Qarabağ" layiqli qələbə qazandı. Onların güclü tərəflərinə qarşı öz arqumentlərimizi qoya bilmədik. İlk hissənin ortalarına kimi bərabər səviyyədə oyun getdi. Yaxşı fürsətlərimiz oldu. Qol buraxandan sonra kəskin və aqressiv deyildik. Bu gün qol vurmağımız çatmadı. 


-Demək olar ki, futbolçularınız rəqibin adından çəkindilər?

- Mental cəhətdən o qədər də hazır deyildik. Məsuliyyəti üzərimdən atmaq istəmirəm. Daha yaxşı oynaya bilərdik. Demək olar ki, rəqibdən bir az çəkinmə oldu.


- Bu gün "Sabah"ın qol vəziyyətləri az oldu. Sizcə bunun səbəbi nədir?

- Birincisi rəqibin gücünü nəzərə almaq lazımdır. İkincisi bəzi epizodlarda biz düzgün oynamadıq. Rəqibə həddən artıq hörmətlə yanaşdıq. Üçüncüsü də hazırda optimal heyətimiz yoxdur. Kamara üç oyundan sonra ilk dəfə start heyətdə yer aldı, Sebalyos uzun müddətli zədədən sonra ilk dəfə bizimlə birlikdə oldu. Bəxtiyarın zədələnməsi də bizim ziyanımıza oldu. Çünki o, zədələnməsəydi, iki dəyişiklik edib hücumda başqa oyunçuya yer verə bilərdik. 


- Rusiya ilə Ukrayna arasında baş verən muharibədən sonra bu ölkələrdə bir çox oyunçulara azad agent statusu verilib. "Sabah" belə bir imkandan yararlanıb heyətinə yeni futbolçu cəlb edə bilər?

- Çətindir. Çünki Rusiyada yüksək maaş alan oyunçular var. Maliyyə cəhətdən çox çətin olacaq. Bəzi oyunçulara müraciət etmişdik. Amma hazırda bu mümkün deyil. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Ukraynadan da ola bilər. Oradakı oyunçularla da işləyirik. 


- Komandanın bombardiri olan Mikkels qış fasiləsindən sonra əvvəlki inamlı oyununu nümayiş etdirmir. Siz bu fikirlə razısız?

- Ümumilikdə biz qışdan əvvəl oynadığımız futboldan daha aşağı futbol oynayırıq. Bunun nəticəsində Mikkels də pis görünür. Rəqiblər də onun güclü tərəflərini öyrənib. Əminəm ki, biz ümumi oyun keyfiyyətimizi yaxşılaşdırandan sonra onun daha çox fürsətləri olacaq. 


- İndiki vəziyyətdə turnir cədvəlindəki mövqeyə görə komandanı motivasiya etmək nə dərəcədə çətindir?

- Məncə uşaqları oyuna motivasiya etmək lazım deyil. İdmançısansa, kişisənsə, özünə inamın varsa, məşqlərdə belə, yaxşı oynamalısan. Nərd olsun, kart olsun, fərqi yoxdur. Motivasiyan yoxdursa, futbolla vidalaş, get başqa sahədə işlə. Hər futbolçu ilə danışsan, deyəcək ki, inkişaf etmək, milli komandaya düşmək, Avropada oynamaq istəyirəm. İnkişaf etməliyik. Bu mövsüm göstərəcəyik ki, kimə güvənirik, kimlərlə eyni yolda davam edəcəyik. Hər idmançının içində onun öz motivasiyası olmalıdır.

 

Elçin Əlixan

Xəbər xətti