“Sabah” Futbol Klubu ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıblar.
Anlaşmaya əsasən, “Sabah” FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda “Bank Respublika”ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion “Bank Respubika Arena” adlanmağa davam edəcək. Bank bu müddətdə stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə “Sabah” FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov: “Bank Respublika” olaraq artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sabah” FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, “Sabah” növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik “Bank Respublika Arena” isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək”.
“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov: “Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. “Sabah” Futbol Klubu artıq 4 ildir ki, “Bank Respublika” ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz “Sabah” FK olaraq ölkənin qabaqcıl banklarından olan “Bank Respublika” ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, “Sabah”ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək”.
saytlarin hazirlanmasi