Murad Musayev: "Hər oyunda qələbə qazanmaq istəyirəm"

17:21 - 1 Fevral 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox çətin matç alındı. Heç bir komanda güzəştə getmək istəmirdi. Şadam ki, 90 dəqiqə mübarizə apardıq. İkinci hissənin ikinci yarısında vurduğumuz qollarla qələbə qazandıq.

 

- Kapitanın fasilədə əvəzlənməsinin səbəbi nə idi?

- Aminlə Elvini ikinci sarı vərəqə təhlükəsinə görə əvəzlədim. Bu, onların oyunları ilə bağlı deyildi.

 

- Zurab Oçiqava və Namik Əlsəkərov zədədən qayıdıblar. Bu gün Namik meydanda idi. Onun oyunu sizi qane etdi? Zurab Oçiqava nə vaxt oynamağa başlayacaq?

- Zurab zədəyə görə altı ay komandadan uzaq qalıb. Yoldaşlıq görüşlərində də ona çox şans verə bilmədik. Qarşıdakı vaxtlarda yüz faiz hazır olacağına inanıram. Onun mövqeyində güclü rəqabət var. Bu rəqabətə hazır olacağına ümid edirəm. Namik də dekabrda əməliyyat olundu. Türkiyədə yoldaşlıq görüşlərində iştirak edə bilməmişdi. Yaxın zamanda əvvəlki Namiki görə biləcəyik.

 

- "Neftçi"dən xeyli uzaqlaşmısız. Artıq əsas rəqibinizin "Qarabağ" olacağını düşünmürsüz?

- 20 turdur mənə eyni sual verilir, mən də eyni cür cavab verirəm. "Sabah" çox gənc klubdur. "Qarabağ" isə köklü, formalaşmış komandadır. "Neftçi" çox yaxşı transferlər edib. Daha da yaxşı olacaqlarını düşünürəm. 

 

- İkinci yer "Sabah" üçün uğur sayılacaq?

- Hədəfimiz avrokubokdur. Çempionatı hazırda olduğumuz yerdə bitirsək, bu, bizim üçün uğur olacaq.

 

- "Qarabağ"la adınızın çempionluq yarışında hallanmasının nəyi pisdir ki?

- Hər oyunda qələbə qazanmaq istəyirəm. Amma hər şeyə aydın şəkildə baxmaq lazımdır. Mən kubokda da irəliləmək istəyirdim. Amma olmadı. Daha da inkişaf etməliyik. Əgər "Qarabağ"la çempionluq mübarizəsi aparmaq üçün şans yaransa, əlimizdən gələni edəcəyik. 

 

- Abdullaye Ba tam hazır olandan sonra ona şans verəcəksiz, yoxsa Bəxtiyar Həsənalızadə oynamağa davam edəcək?

- Abdullaye Ba sabah komanda ilə məşqlərə başlayacaq. Bəxtiyar son iki oyunu çox yaxşı keçirib. Amma indi nəsə deyə bilmərəm.

 

- "Qarabağ"la matçınıza iki həftə qalıb. Rəqibin iki əsas oyunçusu komandadan gedib. İndiki "Qarabağ"ı rəqib kimi necə dəyərləndirirsiz?

- Hazırda "Qarabağ" haqda düşünmək səhv olar. "Səbail"lə matçı fikirləşirik. Bizi iki dəfə məğlub ediblər.

 

Elçin Əlixan

Xəbər xətti