"Sabah" Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun gördük. Hər iki komandanın uğurlu epizodları var idi. Qol fürsətləri oldu. Güzəştsiz mübarizə getdi. Çətin oyun alındı. Bir epizodda dirəyə tuş gəldik, birində hakim 200 faizlik penaltimizi vermədi. Buna baxmayaraq özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik. Belə oyunlar bizim üçün çox vacibdir.
- Liderlərin görüşünün gec keçirilməsi azarkeşlər tərəfindən narazılıqla qarşılandı. Sizin bu barədə fikriniz necədir?
- Beş günlük tsikl olanda məşq etmək olmur. Bərpa olunuruq, daha sonra oyunqabağı məşq gəlir. Mən nəyə görə belə olduğunu anlamıram. Dünya çempionatında Avropa dincəlirdi, biz çıxıb oynayırdıq. Azarkeşlər üçün oynamırıqsa, kimin üçün oynayırıq? Matçları bu saatda niyə salırlar, anlamıram.
- Baş hakim penaltinizi vermədi. Sizcə, o oyunun tempini aşağı saldı?
- "Qarabağ" top klubdur. Bütün Azərbaycan üçün nümunə klubdur. Yaxşı baş məşqçisi və gözəl strukturu var. "Qarabağ"a kömək lazım deyil. Buna əminəm. Hakimin bu gün etdiyini deyə bilmərəm. Belə açıq-aşkar penalti görməmişəm. Təmiz penalti idi. VAR var. Birinci və ikinci komanda oynayır, belə qərar verilir. Ötən turda Con İrazabala qırmızı vərəqə verildi. Orada da yox idi. Halbuki rəqib onu vururdu. "Sabah"a hörmət lazımdır.
- Sizcə, hakim "Sabah"a qarşı qərəzli idi, yoxsa bu, bacarıqsızlıq idi?
- Biz hamımız fikirləşirik ki, 100 faiz penalti idi. Hakim nəyə görə vermədi, deyə bilmərəm.
- "Qarabağ"a qarşı üç oyun oynadınız. Hansını daha çox bəyəndiniz?
- Hamısı maraqlı idi. Hər iki komanda açıq futbol oynadı. Artıq "Sabah" qorxmur, aqressiv oynayır, pressinq edir. Bunları etmək çətindir, amma edirik. Azarkeşlər 0:0 bitən oyundan razı idilər. Açıq futbol getdi. Hər üç oyun yaxşı oldu. Əvvəlki qorxu yoxdur, biz "Qarabağ"a qarşı açıq, aqressiv oynayırıq.
- Bəxtiyar Həsənalızadə və Amin Seydiyevi əvəzləyəcək oyunçularınız yoxdur?
- Qəribə sualdır. Onlar layiqdirsə, onlar da oynayır. Kimsə tələblərimizdən aşağı düşsə, oynamayacaq. Bəxtiyar çempionatın əvvəlində oynamırdı.
- Oyundan öncə futbol ictimaiyyətində fikir var idi ki, "Sabah" "Qarabağ"ı məğlub etsə, daha yaxşı olardı, intriqa artardı.
- Bir il bundan qabaq "Sabah" son yerlərdəydi. Rəhbərlik, oyunçular, seleksiya çox yaxşı işlər gördük. Addım-addım irəli getdik. Çoxları deyir ki, çempionluq uğrunda mübarizə aparmalıyıq. Amma biz gənc klubuq. Addım-addım irəliləməliyik. Xalları toplamağa gəldikdə, bəzən yaxşı oynamadıq xal qazandıq. Nə xalımız varsa, hamısına layiqik.
Mirbağırağa
saytlarin hazirlanmasi