Murad Musayev: "Hakimliyin səviyyəsi çox bərbad idi"

19:17 - 19 Fevral 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 23-cü turunda öz meydanında "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyuna çox pis başladıq. Əsasən də ikili mübarizələri uduzurduq. Birinci hissədə müdafiə xəttində güvənsiz çıxış etdik. İkinci yarıda nə qədər çalışsaq da, oyunun axarını dəyişə bilmədik.

 

- Qırmızı vərəqə aldığınız epizodu necə şərh edərdiniz? Çox emosional idiniz...

- Hakimdən soruşmaq lazımdır ki, nəyə görə qırmızı vərəqə göstərdi.

 

- Birinci sarı vərəqə göstərdi...

- Futbol emosional oyundur. Məni nəyə görə kənarlaşdırdığını deyə bilmərəm. Hakim bir istiqamət götürməlidir. Ya sərt oynamağa imkan verməlidir, ya da əksinə. Hakim bu gün çox ədalətsiz qərarlar verirdi. Amin Seydiyevə qarşı qayda pozuntusu var idi, amma onu vermədi, penalti təyin etdi. Buna görə emosional oldum və qırmızı vərəqə gördüm. Bizim əvvəlki matçımızda da hakimlər çox kobud səhvlər etdilər. Neçə dəfə yanlış qərarlar verərək bizim sürətli hücumlarımızın qarşısını aldılar. Sizə bizim oyunlarda olan 10 dənə kobud hakim səhvini göstərə bilərəm. Məğlubiyyətin günahkarı özümüzük. İstədiyimiz şeyləri həyata keçirə bilmədik. Amma hakimliyin səviyyəsi çox bərbad idi. 

 

- Oyunu çevirmək üçün nə çatmadı?

- İkinci hissədə çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunları həyata keçirə bilmədik. Rəqib də əks-hücumlarda çox təhlükəli idi. Müdafiəmizin kobud səhvindən istifadə edərək ikinci qolu vurdular.

 

Mirbağırağa

Xəbər xətti