"Sabah"ın legioneri Boyan Letiç Sportal.az saytına müsahibə verib. Müdafiəçi Premyer Liqanın 25-ci turunda "Kəpəz" üzərində qazanılan qələbədən və komandasının növbəti turda "Sumqayıt"a qarşı keçirəcəyi oyunundan danışıb.
- Premyer Liqanın 25-ci turunda "Kəpəz"ə qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə yadda qaldı?
- Əslində, çətin oyun alındı. Amma "Kəpəz"lə görüşdən də, üç xalla ayrılmağı bacardıq. Məncə, vacib olan budur. Ardıcıl iki məğlubiyyətdən sonra bu qələbə bizim üçün çox vacib idi.
- "Kəpəz" matçın 16-cı dəqiqəsində meydanda azlıqda qaldı. Abdullayi Şuaybunun qırmızı vərəqə ilə cəzalandırılması və komandasının meydanda 10 nəfərlə qalması işinizə nə dərəcədə yaradı?
- Ümumiyyətlə, bu, futbolda hər oyun üçün keçərlidir. Əgər meydanda rəqibdən sayca çoxsansa, əlavə üstünlükdür. Bizim üçün də, belə olduğunu düşünmək mümkündür.
- Abdullahi Şuaybu çempionatın ən sürətli və effektiv hücumçularından biri hesab edilir. Səncə, bu forvard meydanda qalsaydı, işiniz daha çətin olacaqdı?
- Bəlkə də, hə, bəlkə də yox. Bu olmadan bir söz demək olmaz. Hər halda, oyunun gedişatından asılı olan məsələdir.
- "Sabah" çempionatın geridə qalan iki oyununda məğlub olmuşdu. Amma "Kəpəz"lə görüşdə qələbə qazanmağı bacardınız. "Qara zolaq"dan çıxdığınızı demək mümkündür?
- Belə olduğuna inanıram. Əvvəlki oyunlardakı səhvlərimizdən nəticə çıxarıb, qarşıdakı matçlarda bunları təkrarlamamalıyıq.
- Ümumiyyətlə, "Kəpəz"lə görüşə qədərki iki məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- Fikrimcə, həmin oyunlarda komanda potensialından zəif çıxış etmişdi. Lakin bu, futboldur. Futbolda isə bu cür nəticələrin olması gözləniləndir. Heç bir komanda mövsümü eyni səviyyədə keçirə bilməz.
- "Sabah" növbəti turda "Sumqayıt"la üz-üzə gələcək. Bu matçda qalib gələcəyinizi düşünürsən?
- Biz bütün oyunlarımıza qələbə üçün çıxırıq. Bu matç da istisna olmayacaq. Əlbəttə, çətin olacaq. Çempionatda demək olar, heç bir görüş rahat keçmir. Lakin əlimizdən gələni edəcəyik ki, bu matçdan da qələbə ilə ayrılaq.
- "Qarabağ"la hazırda aranızda 6 xallıq fərq var. "Sabah" çempionluq mübarizəsini davam etdirə biləcək, yoxsa çətin görünür?
- Biz hazırda turnir cədvəli haqda deyil, hər dəfə növbəti matçımız barədə düşünürük. Əsas məqsədimiz turdan-tura oyunumuzu yaxşılaşdırmaq və hər oyunumuzdan maksimum nəticə ilə ayrılmaqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi