Murad Musayev: "Baş hakim istədiyini edir, ancaq onu cəzalandırmırlar"

21:30 - 10 Mart 2023

"Oyunun məzmunu, futbolçuların yanaşmasını bəyəndim. Hesaba baxmayaraq, sona qədər gərginlik oldu. Şadam ki, bu cür çətin matçda qalib gələ bildik. "Sumqayıt"a hörmətlə yanaşıram. Onların yaxşı oyun planı var idi. Qol fürsətləri də əldə etdilər. Sadəcə bundan istifadə edə bilmədilər. Bu gün səliqəli, təmiz, simulyasiya etmədən futbol oynadılar".

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 26-cı turunun "Sumqayıt"la (4:0) keçirilən görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Matçdan öncə Samir Abasovla 3-4 dəqiqəyə yaxın söhbətiniz oldu. Nəyi müzakirə edirdiniz?
- Hakimlik barəsində danışırdım. İstəyirsiz sizə də deyə bilərəm. "Şamaxı" ilə matçda hesab 0:0 və 1:1 olarkən, iki penalti epizodu var idi. Hamı hər şeyi görür. Bizim penaltimizi vermədilər və nəticədə uduzuruq. Halbuki, çox vacib oyuna çıxmışdıq. Bu gün baxırıq ki, həmin matçda penaltini verməyən hakim Gəncədəki oyunu idarə edir. Namiq Ələsgərova qarşı kobud oynadılar, Emmanuel Apeh topu boş qapıya göndərməyə hazırlaşarkən arxadan zərbə vurdular, penalti təyin olunmadı. Ancaq bugün Gəncədəki matçdakı penaltini gördünüz, futbolçunun azca maykasından tutdular, penalti təyin edildi. Murad Musayev pisdir, tərbiyəsizdir, iki oyun cəzalandırdılar, 3200 manat cərimələdilər...Ancaq baş hakim istədiyini edir, ancaq onu cəzalandırmırlar. Mən düşünürdüm ki, ona 10 oyunluq cəza verəcəklər. Amma baxıram ki, bu gün də o oyun idarə edir. Hər zaman pis oyun idarə edəcək, çünki cəzalandırılmır.

Mənə qarşı çox sərtdirlər. Halbuki, mən emosionallıq göstərmişdim. Məni heçnəyə görə qovdular. Halbuki, mən heç nə deməmişdim. Ola bilər ki, məni məşqçilər korpusumdakı başqa biri ilə səhv salmışdılar. Məşqçilərin, futbolçuların taleyi ilə oynayanlar sakit şəkildə oyun idarə etməyə davam edir. Hakimlər oyunun tempinə çox böyük təsir göstərirlər. Gələcəkdə avrokuboklarda bizə yüksək temp lazım gələcək. "Sumqayıt" yaxşı idi, heç kim yerdə uzanıb yatmırdı, qapıçını qıcolma tutmurdu. Hakimdən çox şey asılıdır, oyunun tempini artıra da bilər, "öldürə" də".

Mirbağırağa

Xəbər xətti