"Qalatasaray"ın Azərbaycanda bu qədər çox sevildiyini bilmirdilər"

16:35 - 3 Aprel 2023

"Sabah"ın futbol akademiyanın aşağı yaş qrupları üzrə əlaqələndiricisi Təbriz Həsənov Sportal.az saytına açıqlama verib.

Təcrübəli mütəxəssis "Qarabağ" - "Qalatasaray" görüşündən öncə Okan Buruk və köməkçisi ilə görüşməsindən söhbət açıb. O, Burukun əsas köməkçisi olan İrfan Saraloğlu ilə dost olduğunu bildirib:

"Okan Burukun əsas köməkçilərindən biri İrfan Sararoğludur. Onunla uzun müddətdir dostluq edirik. Gecə saatlarında Bakıya gələcəklərini demişdi. Təbii ki, gec olduğu üçün görüşə bilmədik. Amma oyun günü oteldə görüşdük. 2009-cu ildə U-15 yığmamızda çalışırdım. AFFA ilə "Fənərbaxça" arasında pilot layihə var idi. Biz Türkiyəyə bir illik getmişdik. Məlum səbəblərdən 4 ay qaldıq və geri qayıtdıq. Uşaqların təhsili ilə bağlı problemlər çıxmışdı. Yəni orada dörd ay qala bildik. Həmin ərəfədə isə İrfan Saraloğlu "Fənərbaxça"da Kristof Daumun köməkçisi kimi çalışırdı. Onu həm də bizim komanda üçün ayırmışdılar. O vaxtdan münasibətimiz var. Çox yaxşı məşqçidir, ondan da çox şey öyrənmişəm. Layihəmiz yarımçıq qalsa da, İrfanla dostluğumuz davam edirdi, yazışırdıq hal-əhval tuturduq. "Fənərbaxça"dan sonra 10 il olar ki, Okan Burukun əsas köməkçilərindən biridir. "Elazığspor"dan başladılar və bir çox komandalarda birlikdə işlədilər. İndi də "Qalatasaray"dadılar və işləri də çox yaxşı gedir.

Oteldə Okan Burukla da məni tanış etdi, söhbətləşdik. Təbii ki, "Qalatasaray" haqda danışdıq, çempionatdakı vəziyyətləri ilə bağlı söhbətimiz oldu. Bu il çox yaxşı oyun göstərirlər. Təbii ki, neçə xal qabaqda olsalar belə, sona qədər mübarizə aparacaqlarını dedilər. Okan Buruk dedi ki, haqqınızda İrfan bəydən eşitmişəm. Elə bildi ki, AFFA-da işləyirəm. Söylədim ki, beş ilə yaxındır "Sabah"da çalışıram. Qısa söhbətimiz oldu".

Təbriz bəy "Qalatasaray"dakı dostu ilə bəzi məsələləri dəqiqləşdirdiyini də deyib: "İrfanla xeyli danışdıq, keçmişi yada saldıq. Bir də ondan soruşdum ki, bir müddət əvvəl Okan Burukun Azərbaycan millisini çalışdıracağı ilə bağlı xəbərlər dolaşırdı. Söylədi ki, biz də eşitmişdik, amma rəsmi heç nə yox idi. Onların millidə çalışmaq fikirləri yoxdur, klubda işləmək istəyirlər. İşləri də yaxşı gedir. Hər ikisi təşkilatçılıq, azarkeşlərimizin onları qarşılamasını bəyənmişdi. Azərbaycanda "Qalatasaray"ın bu qədər çox sevildiyini bilmirdilər. Matç da yaxşı alındı, hər şey yüksək səviyyədə idi. Dövlət başçımız da oyundaydı. Oyunun mahiyyəti istədiyimiz kimi alındı, dostluq, qardaşlıq, xeyriyyə matçı idi. Yığılan pullar da zəlzədən əziyyət çəkmiş insanlara kömək olacaq".

Mirbağırağa

Xəbər xətti