"Avrokuboklara vəsiqə qazanmaq gözəl hissdir, amma qarşıda hələ səkkiz matç bizi gözləyir" - MÜSAHİBƏ

13:31 - 4 Aprel 2023

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Sportal.az saytına müsahibə verib.

- "Sabah" avrokuboklara vəsiqəni "Qəbələ" üzərində qazandığı qələbə ilə təmin etdi. İşinizin öhdəsindən böyük ölçüdə gələ bildiniz. İndi özünüzü daha rahat hiss edirsiniz?

- Turnir cədvəlinin üst pillələrində qərarlaşmaq, avrokuboklara vəsiqə qazanmaq çox gözəl hissdir. Amma nə mən, nə də kollektiv bu barədə düşünmürdü. Çünki biz evdə üç xalı qazanmaq istəyirdik. "Qəbələ" matçına da bu məqsədlə çıxmışdıq. Avrokuboklarda yeni mövsümdən iştirak edəcəyik. Ancaq Azərbaycan Premyer Liqasında hələ qarşıda 8 matç bizi gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplamaq istəyirik.

- Komanda əsas məqsədinə nail oldu, yoxsa mütləq gümüş medal qazanmaq istəyirsiniz?

- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Amma indi heç olmasa gümüş medalları qazanacaq yeri özümüzə saxlamaq niyyətindəyik.

- Riyazi olaraq çempionluq şansınız da davam edir. "Qarabağ"a çatmaq mümkün olacaq? Ümumiyyətlə, bu komanda ilə çempionluq uğrunda mübarizə niyə çətindi?

- Bizi qarşıda səkkiz oyun gözləyir. Əsas məqsədimiz bu oyunlardan maksimum xalla ayrılmaqdır. Çempionatı hansı yerdə bitirəcəyimizi mövsümün sonunda görəcəyik.

- “Qəbələ” ilə matçda geridönüşü necə şərh edərdin? Komanda son dəqiqələrdə məğlubiyyətlə barışmış kimi görünürdü. Amma sonda iki qol vuraraq qələbə qazandı….

- Biz qələbə qazanacağımıza inanırdıq. Bu oyun “Turan Tovuz”la çempionat və ya “Səbail”lə kubok oyunundan qat-qat fərqlənirdi. Bilirdim ki, bir qol vursaq, bu oyunda qalib gələcəyik. Sonda da bu cür oldu. İki qol vurduq və üç xalı aktivimizə yazdırdıq. 

- Yeri gəlmişkən, növbəti turdakı rəqibiniz "Sabah"ı ölkə kubokunun 1/4 finalında dayandıran "Səbail"dir. Bu sizə böyük motivasiya verəcək? 

- Biz artıq keçən dəfə onlara qalib gəlmişdik. Amma biz bu turdakı "Səbail"lə oyunu çox ciddi qəbul etməliyik. Çünki çətin görüş olacaq. Ən yaxşısını etməyə çalışacağıq.

- 15 qolla bombardirlər siyahısında da yer almısan. Siyahıya isə 20 qolla “Qarabağ”ın hücumçusu Musa Qurbanlı başçılıq edir. Səncə, Musaya çatmaq mümkün olacaq?

- Musa Qurbanlıya çatmaq çox çətin olacaq. Amma mən sadəcə hər oyun bitdikdən sonra növbəti matçı düşünürəm. Hər haıda, mümkünsüz olan bir şey yoxdu. “Qəbələ” ilə görüşdə het-trik edə bilərdim. Çünki qol şanslarım var idi. Amma bəzən futbolda belə də olur. 

Mirbağırağa
 

Xəbər xətti