"Neftçi"nin mövsümlərarası fasilədə heyətinə qatdığı Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "sportske.jutarnji.hr" saytına danışan 32 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"a keçmək qərarı verməsində sevgilisinin rolu olduğunu bildirib:
"Dörd dəfə Azərbaycan çempionluğunu qazandığım “Qarabağ”la əvvəlki müqaviləm başa çatdı və bir sıra suallarım var idi. Bununla belə, “Neftçi” konkret idi. Mənə doğrudan da “Qarabağ”dakı şərtlərə çox oxşar olan əla müqavilə təklif etdilər. Gözləyib hesablamaq istəmədiyim üçün dərhal imza atdım. Bakını bəyənən və o şəhərdə qalmağımızı istəyən sevgilim qərar verməyimdə rol oynadı.
2016-cı ildə "Qəbələ"yə gəldim və gördüm ki, Azərbaycan futbolçu üçün yaxşı ölkədir. 2017-ci ildə Premyer Liqada ilk qolu vuran mən olmuşam. Sonradan ölkənin ən güclü klubu olan “Qarabağ”a keçdim. İllər tez keçir. "Neftçi" ilə 2 illik müqaviləm var. Bu iki ili başa vursam, doqquz il olacaq.
Biz çoxlu güclü Avropa matçları keçirdik. Beş ildən sonra Azərbaycan millisinin üzvü oldum. Bu yaxınlarda millidə idim. Gələn il Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə 1:1 hesablı heç-heçə etdik. Başa düşdüm ki, buradan Xorvatiya yığmasına düşə bilməyəcəm. Lakin bu, xeyli yüksək səviyyədir. Bundan əlavə, mənim mövqeyimdə çox güclü rəqabət var. Buna görə də Azərbaycan millisində oynamağa razılaşdım. Ümid edirəm ki, bu seçmə mərhələdə əvvəlkindən daha uğurlu olacağıq.
“Neftçi”nin yaxşı rəhbərliyi var. İdman direktoru Zaur Əzizovdur, “Qəbələ”də də menecerim olub. Bu da mənim gəlişimə təsir edib. Eyni mənzildə yaşayacağam, eyni şəhərdə oynayacağam, heç nə dəyişməyəcək. “Qarabağ”la yolları çox düzgün şəkildə ayırdım. İndi mənim üzərimdə böyük öhdəlik var. Çünki “Neftçi”də məndən çox şey gözləyirlər. Karyeramı Azərbaycanda bitirib-bitirməyəcəyimi deyə bilmərəm. Amma bu, istisna deyil".
saytlarin hazirlanmasi