"Neftçi"nin sabiq məşqçisi Etibar Tarverdiyev Sportal.az saytına müsahibə verib. "Ağ-qaralar"ın heyətində məşqçi kimi Azərbaycan çempionluğunu qazanmış Tarverdiyev komandanın hazırkı durumunu şərh edib.
- "Neftçi" Sankt-Peterbruqda "Matç TV" turnirində iştirak edir. Turnirin ilk görüşündə "Zenit"lə qarşılaşdılar və uduzdular. Təmsilçimiz kənardan necə görünürdü?
- "Neftçi" "Zenit"lə matçın birinci hissəsində pis oynamırdı. Görünürdü ki, sırf hazırlığın ilkin mərhələsindədirlər. İkinci yarıda isə komandanın fiziki durumu ön plana çıxdı. Üstəlik, "Zenit" müəyyən gedişatlar etdi, oyunu öz xeyrinə çevirə bildi. Ancaq dediyim kimi, İlk yarıda "Neftçi" pis görünmürdü. Nəzərə alaq ki, onlar toplanışın ilk mərhələsindədirlər. Çox az müddətdir məşq etmişdilər. "Zenit" onlardan daha çox məşq etmişdi. "Neftçi" hələ tam hazır deyil. Amma zamanla daha hazırlıqlı olacaqlar.
- "Neftçi"nin baş məşqçisi hələ də bəlli deyil. Avrokubokların startına isə çox qalmayıb. Səncə, komanda gecikmir? Bu, "Neftçi"nin avrokuboklardakı çıxışına təsir edəcək?
- Bəli, "Neftçi" gecikir. Bir çox komandada altı həftəlik hazırlıq proqramı olur. Çempionata qədər bu müddətə hazırlıq keçirlər. Nəzərə alsaq ki, "Neftçi" avrokuboklarda da oynayacaqlar, komandanın gecikdiyini demək olar. Ümid edək ki, təcrübəli futbolçular əllərindən gələni edəcək və ilk mərhələ təsirsiz ötüşəcək. Amma istənilən halda, çətin olacaq. Lakin ümid həmişə var. Kollektiv toparlansa, bir çox şeylərin çətinlərin üzərinə getmək mümkündür.
- "Neftçi" "Dinamo" (Minsk) - "Jelezniçar" cütünün qalibi ilə qarşılaşacaq. Onlardan hansı "Neftçi" üçün daha münasib rəqibdir?
- "Neftçi" üçün "Dinamo" ilə oynamaq daha yaxşı olardı. Son vaxtlar Belarus çempionatı enişdədir. Çempionatları da bizimkindən güclü deyil. Hətta bizim liqa getdikcə daha da çətinləşir. Qarşıdakı mövsüm daha da güclü və çətin liqamız olacaq. "Qarabağ", "Sabah", "Zirə", "Turan Tovuz", "Səbail", elə əksər komandalar heyətini gücləndirir. Gedişat da onu göstərir ki, komandaları asan liqa gözləmir. İlkin mərhələdə "Dinamo" ilə düşmək, komandamız üçün yaxşı olardı.
- "Dinamo" "Jelezniçar"la matçı Bakıda keçirəcək, ikinci mərhələyə adlasalar, "Neftçi"yə qarşı oyun da paytaxtımızda baş tutacaq. Bu, "Neftçi"yə xüsusi üstünlük qazandırır?
- Rəqibin Bakıda oynaması daha dolğun məlumat toplamaq baxımından üstünlükdür. "Neftçi" avrokuboklarda evdə çox yaxşı oyunlar göstərib. "Bakcell Arena"da "Makkabi"(Hayfa), HİK-ə qaşrı matçları xatırlayıram. Baxımlı və üstün futbol nümayiş etmişdilər. Ümidvaram ki, "Neftçi" rəqibindən asılı olmayaraq, evdə istədiyi nəticəni qazanacaq.
- Emin Mahmudov "Neftçi"də qalmağa qərar verdi. Amma sanki çox fikirləşdi, çox götür-qoy etdi...
- Eminin komandada qalmasını müsbət hesab edirəm. Çünki onun "Neftçi"nin oyununa təsiri çoxdur. Başa çatan mövsümdə liderlik keyfiyyətini ortaya qoya bildi, əla mövsüm keçirdi. Bu mənada, Eminin "Neftçi"də qalması yaxşı haldır. Çünki komandanın lideri, kapitanıdır. Çox tərəddüd etməsinə gəlincə, bu, işin peşəkar tərəfidir. Futbolçu ömrü qısadır. Eminin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Onun "Neftçi"də qalmasına sevindim. Yerli statusunda oynayan keyfiyyətli futbolçularımızın sayı çox deyil. "Neftçi"də qalmağı seçibsə, demək ki, götür-qoy edib. Məncə, düzgün qərar verib.
- Hazırda "Neftçi"nin düşərgəsində dörd qapıçı var. Səncə, Aqil Məmmədov, Rza Cəfərov, Emil Balayev və İvan Brkiçdən hansl əsas qapıçı olacaq
- Demək ki, hamısı rəhbərliyi qane edir deyə, düşərgədədirlər. Rza Cəfərovu yüksək liqa klublarından birinə icarəyə verə bilərlər. Oyun praktikası qazanardı, performansını artırardı, futbolumuza qazandırmaq adına bunu etmək olardı. Perspektivlidir. Amma klubun şəxsi işidir, hörmətlə yanaşmaq lazımdır. Aqil Məmmədov ağır zədələnib, tez sağalıb düşərgəyə qayıtmasını arzu edirəm. "Neftçi"yə uğurlar arzulayıram.
Mirbağırağa
saytlarin hazirlanmasi