Emin Mahmudov: "Yaxşı vəziyyətdə olmaq üçün hələ çox çalışmalıyıq"

11:40 - 9 İyul 2023

"Neftçi" Sankt-Peterburqda keçirilən "Matç TV" turnirinin ikinci turunda Serbiyanın "Srvena Zvezda" klubuna 0:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov oyundan sonra "Matç TV" kanalına açıqlama verib. 31 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisinin olmamasının onlara pis təsir etdiyini bildirib:

- “Srvena Zvezda” ilə oyun bizim üçün yaxşı alınmadı. Çünki rəqib xeyli aqressiv və sürətli idi. Biz də öz növbəmizdə çoxlu sadə toplar itirdik. Bundan sonra onlar əks-hücum üçün irəli atıldılar. Serbiya təmsilçisinin topa nəzarəti də daha yaxşı idi.

- “Neftçi”yə turnir zamanı qoşuldunuz. Formanızı necə qiymətləndirərdiniz?

- “Srvena Zvezda” ilə oynayanda komanda ilə məşqimin cəmi üçüncü günü idi. Bir az çətin oldu. Amma buna qədər məşq edirdim, formamı saxlamağa çalışırdım. Təbii ki, əlavə etmək lazımdır. 45 dəqiqə oynadım, amma yaxşı vəziyyətdə olmaq üçün hələ çox çalışmalıyıq.

- Ümumiyyətlə, PARI Premyer Kubokunu necə dəyərləndirirsiniz?

- Turnir yaxşıdır. Təəssüf ki, baş məşqçimiz olmadan kifayət qədər hazırlıqsız gəlmişik. Ona görə də psixoloji və fiziki olaraq bir az çətindir. Ümid edirəm ki, hər şey tezliklə həll olunacaq və biz daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey qaydasındadır.

Xəbər xətti