"Neftçi"nin futbolçusu Filip Ozobiç Rusiyanın "Matç TV" kanalına müsahibə verib.
Sportal.az 32 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- "Qarabağ"ı "Neftçi"yə dəyişdiniz. Bu, necə baş verdi?
- Mənim müqaviləm bitmək üzrə idi və heç kim yeni sözləşmə təklif etmədi. Başa düşdüm ki, klub mənimlə davam etmək istəmir, yeni oyunçular dəvət edirdilər. Üstəlik, zədə səbəbindən mövsümün bir hissəsini buraxdım. Ondan sonra az oynadım.
- Çoxlu kuboklar qazandığınız komandadan hansı hisslərlə ayrıldınız?
- “Qarabağ”la 4 dəfə Azərbaycan çempionu olmuşam, avrokuboklarda çıxış etmişəm. Azarkeşlərə hər oyunda göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu komandanın bir parçası olmaq çox xoş idi. Amma indi irəli getmək lazımdır. Bütün fikrim “Neftçi”nin yüksək nəticələr əldə etməsinə kömək etməkdir.
- “Neftçi” ilə müqaviləniz karyeranızda sonuncudur, yoxsa 34 yaşında karyeranızı bitirmək fikrində deyilsiniz?
- Mənim üçün tezdir, daha çox oynamaq istərdim. 38 yaşında Luka Modriçin çılğın formasına baxın. Bu, məni futbolda mümkün qədər uzun müddət qalmağa həvəsləndirir. Müqaviləyə gəlincə, bundan sonra nə olacağını düşünmək hələ tezdir. Ümid edirəm ki, yaxşı oynayacam, “Neftçi”nin uğur qazanmasına kömək edə biləcəyəm.
- Çempion olmaq mümkündürmü?
- Mövsüm başlamazdan əvvəl rəhbərlik bizi yığıb, tapşırıqları açıqlayacaq. Təbii ki, istənilən futbolçu çempionluq arzusundadır. Deyə bilərəm ki, turnir cədvəlində mümkün qədər yüksək yerdə olmaq üçün əlimizdən gələni edəcəyik. Bu arada bir həftə əvvəl komandanın başına keçən yeni baş məşqçinin tələblərinə alışırıq.
- Sankt-Peterburqdakı turnir zamanı Adrian Mutu komandanın baş məşqçisi təyin olundu...
- Uşaq vaxtı televizorda ona baxırdım, çox gözəl futbolçudur. Belə adda, futbol anlayışı olan adam baş məşqçi gələndə hər bir futbolçu özünü 100 faiz göstərmək, yeni nəsə öyrənmək istəyir. Məşqçimizlə danışdım, o, məni həmişəki mövqeyində görmək istəyir.
- Rusiyadakı turnir nə ilə yadda qaldı?
- Hər şeyi bəyəndim, yenidən Rusiyaya gəlmək xoş oldu. Çox güclü rəqiblərimiz var idi: "Zenit", "Srvena Zvezda", "Fənərbaxça" - az qala Çempionlar Liqası kimi idi. "Gazprom Arena" indiyə qədər oynadığım ən yaxşı stadion idi. Amma hələ “Spartak” arenasının meydanına çıxmamışam. Əminəm ki, bu, mütləq daha da yaxşı olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi