"Qurban Qurbanov "Qarabağ"da həm məşqçidir, həm də futbolçulara ata kimidir" - MÜSAHİBƏ

14:22 - 28 İyun 2024

"Qarabağ" və Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Çempionlar Liqasında iştirakına ikinci təsnifat mərhələsindən başlayacaq. Potensial rəqiblər "Hamrun Spartans" və "Linkoln" klublarıdır. Demək olar ki, "Qarabağ" üçün ciddi rəqiblər deyil?

- Hər ikisi də rahat rəqibdir. Amma birinci oyunlar hər zaman çətin olur. “Qarabağ” da bunu yaxşı dərk edir. Amma bilirəm ki, Qurban Qurbanov komandanı çox yaxşı hazırlayacaq. Çünki "Qarabağ"dan gözləntilər çoxdur. Onlar gücünü ötən mövsüm də, Çempionlar Liqasının qrup mərhələsinə düşməklə də göstərib.Allahqoysa, yenidən ÇL-in qrupuna düşərlər. Çünki ora tamam fərqlidir.Ab-hava, ÇL-in himni, fərqlidir. "Qarabağ"a uğurlar arzulayıram. Dualarımız onların yanındadır. 

- "Qarabağ" 2023/2024 mövsümündə avrokuboklarda uğurlu və inamlı çıxış etdi deyə, onlardan bu sezon Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyini gözləyənlər az deyil. Bunu reallaşdırmaq mümkün olacaq? 

- Heyət hər zaman güclənməlidir. "Qarabağ" onsuzda il ərzində daim axtarışdadır.Yaxşı, keyfiyyətli, "Qarabağ"a uyğun futbolçu varsa, dərhal komandaya götürürlər. Amma burada həmin legionerin Azərbaycana gəlməsi məsələsi də var. Eləsi var gəlir, eləsi də var, gəlmir. Bəli, avrokuboklardakı gözəl oyunlardan sonra "Qarabağ"dan gözləntilər çoxdur. İnanıram ki, ÇL-in qrupuna düşüb, ordan da çıxarlar.

- “Qarabağ”ın Musa Qurbanlını geri qaytarmasına münasibətin necədir? Kadi Borges və Mahir Emrelinin geri dönüşü də gözlənilir...

- Düzgün seçimdir.Son vaxtlar oynamırdı və tanıdığı komandaya döndü. Musa da keyfiyyətli, perspektivli futbolçudur. İnanıram ki, avrokuboklarda, həm də öz liqamızda "Qarabağ"a köməyi dəyəcək. Onsuzda çempionat matçlarında bunu edirdi. Bu komandaya mütləq futbolçu lazımdır. Çünki ölkə kubokunu da nəzərə alsaq, "Qarabağ" üç cəbhədə mübarizə aparacaqlar. Nə qədər futbolçu çox olsa, "Qarabağ" üçün daha yaxşıdır.

- Adətən “Qarabağ”da oynayıb daha sonra geri qayıdan futbolçular o qədər də uğurlu olmur. İnnosent Emeqara, Reynaldo, Muarrem Muarremi buna misal çəkmək olar. Sən bu məsələ barədə nə düşünürsən?

- "Qarabağ" məktəbdir, Qurban Qurbanov da ata kimidir. O, orada həm məşqçi, həm də valideyndir. Ona görə də oradan çıxdıqdan sonra həmin atmosferi, sevgini, qayğını görə bilmirlər. Bu da performansına təsir edir. Qurban Qurbanov futbolçuların həyatına, işlərinə də dəstək, köməkdir. Bu məqamları başqa yerdə görmürlər. Özlərinə də fikir verməyəndə, Qurban müəllim bunun qarşısını alırdı. Futbolçu özünə fikir verməyəndə, zəifləyir. Belə olan halda da, əvvəlki performansı göstərə bilmirlər.

- Ötən mövsüm “Qarabağ”dan sonra ikinci pillədə qərarlaşan "Zirə" isə Avropa Liqasında "Şerif"lə üz-üzə gələcək. Moldovanın tanınmış klubu ilə görüşdə "Zirə"nin mərhələ adlamaq şansı nə qədərdir?

- "Şerif" yetəri qədər təcrübəlidir, avrokuboklarda uzun illərdir oynayır. "Zirə"nin də yaxşı heyəti, yaxşı baş məşqçisi var. Onlar da öz gücünü göstərməyə çalışacaqlar. Yaxşı sistemləri var. İstədikləri futbolu oynaya bilsələr, "Şerif" üçün çətin olacaq. Bizi iki maraqlı qarşılaşma gözləyir. Şanslar da öz əllərindədir. Bütün klublarımız yaxşı nəticə verərlər. Azərbaycan adından iştirak edirlər. Hamısına dəstəyik. Allah qoysa, "Zirə" ən yaxşı oyunlarını göstərib "Şerif" üzərində qələbə qazanar.

- "Sumqayıt"ın "Fehervar" qarşısında şansları var?

Samir Abasov həmişə yaxşı nəticələr verib. "Sumqayıt"ın da öz oyun dəst-xətti, taktikası, sxemi var. Məşqçi işi tamam başqadır. "Sumqayıt"a baxan kimi məşqçi işi görünür. Yaxşı futbolçulara da sahibdirlər. Konfrans Liqasında növbəti mərhələyə adlamaq üçün ən yaxşısını edəcəklərinə inanıram. Sumqayıta futbol yaşayır, orada həmişə futbolçu yetişib, Sumqayıtın futbol ənənəsi, məktəbi var. "Qarabağ"ı çıxmaq şərtilə, üç klubumuza da çətindir. Hamısı keyfiyyətli komandalara qarşı oynayacaqlar. Sadəcə birinci oyunlardır. İndi elə komanda yoxdur ki, biri digərindən bir baş üstün olsun. Hansı komanda yaxşı futbolu, öz istədiyini oynasa, növbəti mərhələyə adlayacaq.

- Demək olar ki, təmsilçilərimiz arasında ən çətin rəqib "Sabah"a düşüb? "Makkabi"(Hayfa)səddini keçmək nə dərəcədə realdır?

Doğrudur, "Sabah"a çətin rəqib düşüb. Amma onlar da güclü komandanın öhdəsindən gələ biləcək kollektivdir. Yaxşı futbolçuları, yaxşı rəhbərliyi var. Yaxşı da büdcələri var. Futbol akademiyasına da diqqət edirlər. Çox keyfiyyətli uşaqları var. "Sabah" klub olaraq çox inkişaf edib. Liqada da "Qarabağ"a ən yaxşı rəqib elə "Sabah" olacaq. Onlar da öz gücünü göstərəcək ki, ən yaxşı yerlərdə olsunlar. Bütün komandalarımıza uğurlar arzulayıram. Hamısı Azərbaycanı təmsil edir. Allah qoysa, hamısı qalib gələr. Əsas olan odur ki, istədikləri oyunu oynasınlar.

Xəbər xətti