"Xviça "Qızıl top"a namizəd idi, Emreli isə "Legiya"da 1-2 matç yaxşı oynadı, sonradan eniş yaşadı" - MÜSAHİBƏ

15:22 - 30 İyun 2024

Uzun illərdir ki, Azərbaycanda yaşayan gürcüəsilli Rusiya vətəndaşı Nuqzar Kvirtiya hazırda tanınmış bloqqerdir. Futbolçu karyerasını ölkəmizdə başa vurmuş Kvirtiya azərbaycanlı xanımla ailə həyatı qurduqdan sonra da paytaxtımızda yaşamağa davam edib. Kvirtiya Gürcüstan millisinin AVRO-2024-dəki oyunları canlı izləmək üçün Almaniyaya yollanıb. Hazırda da orada olan və 1/8 final mərhələsinin İspaniya – Gürcüstan matçını görüşünü stadiondan izləyəcək Nuqzar Sportal.az saytına müsahibə verib. O, Azərbaycan millisinin Gürcüstanın edə biləcəyini təkrarlamaq şanslarını dəyərləndirib.

- Gürcüstan milli komandası AVRO-2024-də ilk ilindəcə qrupdan çıxmağı bacardı. Həmyerlilərin son turda Portuqaliyaya 2:0 qalib gəldi. Bunların baş verəcəyinə inanırdın?

Təbii ki, bunlara inanmaq çətin idi. Amma həm məndə. həm də digər həmyerlilərimdə AVRO-2024-də qrupdakı son oyunumuzda da layiqli çıxış edəcəyimizə dair hiss var idi. Düzü, mən daha çox Çexiya ilə görüşdən ehtiyat edirdim. Amma həmin matçda da hər şey bizim üçün yaxşı keçdi. Portuqaliya kimi çətin rəqibi isə məğlub etməyi bacardıq.

- Gürcüstan bu gün 1/8 final oyununda İspaniya millisi ilə qarşılaşacaq. Son tsikldə bu komandaya 1:7 hesabı ilə uduzmuşdunuz. Səncə, bu dəfə fərqli və sizin üçün uğurlu nəticə qeydə alınacaq?

Doğrudur, biz İspaniyaya 1:7 hesabı ilə uduzmuşduq. Amma bundan əvvəl biz iki dəfə İspaniyanı 1:0 məğlub etmişik. Dünən İspaniya telekanallarında idman verilişlərinə baxırdım. Sizə deyim ki, onlar Gürcüstan millisi ilə düşdükləri üçün o qədər də şad deyillər. Hətta bizim milliyə böyük hörmətlə yanaşırlar. Daha çox isə Giorgi Mamardaşvilidən qorxurlar. Çünki o, "Valensiya"da oynayır. Hər kəs də, onun başa çatan mövsümdə komandasına necə kömək olduğunu yaxşı bilir. Onlar dəfələrlə bu haqda danışdılar. Ümidvaram ki, hər şey bizim üçün yaxşı alınacaq.

- Milli komandanız bu cür uğurlu nəticələri necə reallaşdırdı? Azərbaycanda bəziləri düşünür ki, Levan Kobiaşvilinin gəlişindən sonra Gürcüstan Futbol Federasiyasının sistemli işi nəticəsində belə uğurlu nəticələr gəldi. Digərləri isə gürcü futbolçuların istedadlı olduğunu əsas gətirərək, belə nəticələrin axır-əvvəl baş verəcəyini düşünür. Sən hansi fikirdəsən?

Böyük ehtimalla, hər iki fakt özünü göstərdi. Əslində, bizdə indikindən də yaxşı futbolçu nəsli olub. Sadəcə düzgün sistem yox idi. Amma indi Gürcüstanda futbolun rəhbərliyində yalnız futbol adamları dayanıb. Levan Kobiaşvilidən tutmuş Aleksandr İaşviliyə kimi hamısı futbol adamlarıdır. Burada daha çox rolu da Kaxa Kaladze və digər futbol veteranları oynadı. Kaxa Kaladze Tbilisinin meri olsa da, futbola çox böyük kömək olur, dəstək verir.

- Artıq Gürcüstanın Qafqazın ən güclü milli komandası olduğunu deyə bilərik. Səncə, Azərbaycan yığması da eyni nəticələr təkrarlaya biləcək potensiala malikdir?

Biz bunun üçün uzun yol qət etdik. Həmişə top liqalarda çıxış edən yaxşı futbolçularımız olub. Lakin son 7 ildə düzgün sistem qurmuşuq və sübut etdik ki, top liqalarda oynamayan oyunçularla da nəticə əldə etmək olar. Azərbaycanın qət etməli olduğu çox yol var. Ümidvaram ki, AFFA-nın yeni kollektivi hər şeyi yaxşılığa doğru dəyişə bilər.

- Hələ də Almaniyadasan...

 - Bəli, hazırda Almaniyadayam. Biletimi dəyişməli oldum. Çünki bu gün İspaniyaya qarşı görüşü izləmək istəyirəm. Əgər bu mərhələni də keçsək, daha sonra nə edəcəyimə qərar verəcəm.

- Uzun illərdə ölkəmizdə yaşadığın üçün futbolumuza da yaxşı bələdsən. Səncə, Azərbaycan millisində Giorgi Mikautadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Qoçolaşvili, Giorgi Çakvetadze kimi futbolçular var?

Bəli, Azərbaycanda millisində yaxşı oyunçular var, amma sadaladığınız gürcülərin səviyyəsi daha yüksəkdir. Xviça "Qızıl top"a namizəd idi, A Seriyasının ən yaxşı futbolçusu seçildi, İtaliya çempionluğunu yaşadı. Giorgi Mikautadze AVRO-2024-ün bombardiriidr. Davitaşvili “Bordo”nun heyətində demək olar ki, hər matçda qol vurur. Giorgi Mamardaşvili Avropa çempionatının ən yaxşı qapıçısıdır, “Valensiya”nın qolkiperidir. Giorgi Çakvetadze isə İngiltərə Çempionşipdə oynayır. Giorgi Qoçoleyşvili də La Liqadadır. Azərbaycanda isə yalnız Mahir Emreli “Legiya”da bir-iki matçda yaxşı oynadı, sonradan isə eniş yaşadı. Düşünürəm ki, futbolçular özlərini xaricdə, hətta Fransa və Almaniyanın ikinci divizionunda sınamalıdırlar. Amma futbolçular nədənsə Azərbaycanda oynamağa üstünlük verirlər, bu cür inkişaf etmək çox çətindir.

Mirbağırağa

Xəbər xətti