AFFA yenə ləng davranır - hələ inkişaf strategiyasını hazırlamağa başlamayıblar

16:35 - 2 İyul 2024

Ötən ayın əvvəlində keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərara alınmışdı ki, ölkə futbolunun inkişaf strategiyası hazırlansın. Bunun üçün "Double Pass", "McKinsey & Company" kimi şirkətlərlə əməkdaşlıq ediləcəyi deyilmişdi. 

Lakin bir ay keçsə də, bu məsələdən səs-səmir yoxdur. AFFA yenə ləng davranır. Bununla bağlı federasiyanın mətbuat katibinə müraciət etdik. Sportal.az saytına açıqlama verən Elnur Məmmədli yaxın vaxtlarda adıçəkilən şirkətlərlə əmıkdaşlıq müqaviləsinin bağlanacağını dedi:

"AFFA-nın yeni inkişaf strategiyasının yazılması üçün bir neçə şirkətlə davam edən danışıqlar demək olar ki, yekunlaşıb. AFFA İcraiyyə Komitəsinin iclasından sonra şirkətlərin adları barədə ictimaiyyətə məlumat verilmişdi. Artıq həmin şirkətlərin nümayəndələri ilə bir neçə toplantı keçirilib. Müqavilə üzərində son işlər gedir. Və yaxın günlərdə həmin şirkətlərlə müqavilə imzalanacaq".  

Qeyd edək ki, yeni strategiyanın hazırlanması 6-8 ay vaxt aparacaq. 

Xəbər xətti