Azərbaycanda 5 komandada oynamış moldovalı: "Zirə" layiqli rəqib olsa da, "Şerif" mərhələ adlayacaq"

13:21 - 30 İyun 2024

Azərbaycanda ən çox fərqli klubda oynamış moldovalı kimi tarixə keçən Anatoli Doroş Sportal.az saytına açıqlama verib.

Ölkəmizdə 5 fərqli komandadanın şərəfini qorumuş veteran futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcək “Şerif” və “Zirə” klublarının şanslarını dəyərləndirib. 

Onun fikrincə, növbəti mərhələyə vəsiqə qazanan komanda Moldova təmsilçisi olacaq: "Söhbət avrokuboklardan gedirsə, demək ki, asan oyun yoxdur. Amma təbii ki, “Şerif”in təcrübəsi böyükdür. Fikrimcə, “Şerif” “Zirə” səddini keçəcək. Asan oyunlar olmayacağı isə dəqiqdir. Sadəcə mən düşünürəm ki, Moldova klubu “Zirə”ni mübarizədən kənarlaşdıracaq. "Şerif" ötən mövsüm çempionatı zəif keçirdi. Onlar heç bir titul qazanmadı. Amma bu klubun avrokuboklarda yaxşı təcrübəsi var. Ona görə də, fikrimcə, mərhələni “Şerif” adlayacaq. Baxmayaraq ki, "Zirə" Rəşad Sadıqov kimi yaxşı baş məşqçisi olan layiqli rəqibdir. Hər iki komandaya uğurlar arzulayıram. Güclü tərəf qalib gəlsin. Azərbaycan xalqına, Azərbaycan futboluna böyük hörmətim var".

Moldova millisinin də üzvü olmuş 41 yaşlı sabiq futbolçu “MKT-Araz”, “Standart”(Bakı), “Karvan”, “Olimpik”(Bakı), “Simurq” komandalarında oynayıb.

Xəbər xətti