Çempionluğun mümkün(süz)lüyü - "Qarabağ"ı taxtdan salmağın çətinliyi

18:53 - 29 İyun 2024

"Neftçi" rəhbərliyi Roman Qriqorçukun qarşısına çempionluq tapşırığı qoyub. Ölkə kubokunu qazanmaq, avrokuboklarda qruplara düşmək də yaxın hədəflərə daxildir. Azarkeşləri bir kənara qoysaq, futbol ictimaiyyəti nümayəndələrinin "Neftçi"yə inamının böyük olmamasını görürük. 

Mətbuata açıqlama verən futbol ekspertlərinin demək olar ki, hamısı "Neftçi"nin çempion olmasını mümkünsüz sayır. Çünki Premyer Liqada "Qarabağ" kimi bir hegemon var. Qurban Qurbanovun komandasını taxtdan salmaq real görünmür. 

Roman Qriqorçuk güclü mütəxəssisdir. "Qəbələ"də çalışanda çempion olmasa da, "Qarabağ"a bab rəqib olan komanda yarada bilmişdi. Bölgə klubunu iki dəfə Avropa Liqasının qruplarına daşımaqla adından söz etdirmişdi. Lakin mütləq vurğulanmalıdır ki, o vaxtkı "Qəbələ" ilə bu "Neftçi" arasında fərq çoxdur. 

"Qəbələ"də azarkeş təzyiqi yox idi, "Neftçi"də isə məşqçilərin üzərində böyük təzyiq olur. "Qəbələ" bir əldən idarə olunurdu, "Neftçi"də isə müdir çoxdur. Qriqorçuk "Qəbələ"də diqtə edən adam idi, "Neftçi"də belə davranış sərgiləmək asan olmayacaq!

Əslində, məsələnin həssaslığı nəticələrlə bağlı deyil. "Qarabağ"a rəqib olmaq üçün ona alternativ sistem yaratmaq lazımdır. İdarəetmədən tutmuş transferlərə qədər nöqtə gedişlər etmək, peşəkar addımlar atmaq vacibdir. "Qarabağ"ın gücü Qurban Qurbanovun qurduğu sistemdədir. Futbolçular gəlir-gedir, maliyyə azalır-çoxalır, nəticələr ürəkaçan olaraq qalır. 

Xülasə, bütün məsuliyyəti Qriqorçukun boynuna yükləməklə deyil, klub olaraq güclənmək vacibdir. Yalnız belə olan təqdirdə "Qarabağ"la başabaş mübarizə aparmaq mümkün olacaq. Əks halda, Qriqorçukun tək əlindən səs çıxmayacaq. 

Həmid

Xəbər xətti