SOCAR klublara ödəniş etdi - borc tam bağlanmayıb

17:13 - 29 İyun 2024

Dövlət tərəfindən ayrılan vəsaitlərdə ilboyu gecikmələrin olması klubların işinə çətinliklər yaradan əsas məqamdır. AFFA rəhbərliyi də bunun fərqinə varır. Lakin maliyyənin dövlət tərəfindən ayrılması səbəbindən federasiya rəsmiləri bu məsələyə müdaxilə edə bilmirlər. 

SOCAR rəhbəri Rövşən Nəcəfin AFFA prezidenti seçilməsindən sonra ödənişlərlə bağlı durumun yaxşılaşacağına ümid yaranıb. Çünki dövlətin ayırdığı pul klublara məhz SOCAR vasitəsi ilə verilir. 

Bir neçə aydır gecikən ödənişlər nəhayət dünən gerçəkləşib. Amma yenə də borc qalıb. AFFA-nın mətbuat katibi Elnur Məmmədli həmin ödənişlərin də yaxın günlərdə həyata keçiriləcəyini deyib: 

"Klublara olan ödənişlərin böyük hissəsi həyata keçirilib. Futbol mövsümünün son 3 ayının yarısından çox hissəsi ödənilib. Az hissə qalıb. Bu isə yaxın günlərdə reallaşacaq. Keçən dəfə dediyimiz kimi mövsümün sonu olduğu üçün hesabatla bağlı bəzi sənədləşmə işləri qalırdı. Bəzən gecikmə bununla bağlı olur". 

Qeyd edək ki, dövlət tərəfindən Premyer Liqa klublarının hər birinə illik 3 milyon, I Liqa klublarına 300 min, II Liqa klublarına isə 50 min manat pul ayrılır. 

Xəbər xətti