"Turan Tovuz"un futbolçusu: "Bəzən geriyə çəkilmək məcburiyyətində qalırıq"

14:21 - 26 Oktyabr 2024

"Turan Tovuz" Misli Premyer Liqasının 11-ci turunda doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Tovuzluların qələbə qolunun müəllifi Emmanuel Hakman matçdan sonra Sportal.az saytına müsahibə verib:

- Oyunun əvvəlində penalti qaçırdınız, sonra qol vurdunuz, penaltidən qol buraxdınız və son dəqiqə qolu ilə qalib gəldiniz. Bu emosional matçı necə şərh edərdin?

- Bu, futboldur, belə şeylər olur. Təbii ki, Kristian da Silva da penaltini vurmaq istəyirdi. Amma alınmadı. Sonradan oyun davam etdi və nəticədə qalib gəldik.

- "Kəpəz" sonuncu pillədə gedir. Çoxları "Turan Tovuz"un iddialı heyəti ilə rahat qalib gələcəyini düşünürdü. Komandanızda arxayınlıq var idi?

- Razıyam. Çox adam elə fikirləşirdi ki, " Kəpəz" sonuncu yerdədir və onları asanlıqla məğlub edəcəyik. Amma biz özümüz, komanda və futbolçular olaraq, rəqibi qiymətləndirirdik. Onlara layiq olduqlarından aşağı qiymət vermirdik. Futboldur, bəzən pis oynayırsan. Bu da bizim pis oynadığımız oyunlardan biri idi.

- "Kəpəz"in bərabərlik qolundan sonra 3 xalın əldən gedəcəyi qorxusu yox idi?

- Xeyr. Qətiyyən belə deyildi. Biz hər zaman axıra kimi oynayırıq. İnamımız var. Həmişə hakimin final fitinə qədər mübarizə aparırıq. Qol buraxdıqdan sonra bizdə qorxu hissi yox idi.

- Bütün matçlarda 90 dəqiqə meydanda olmusan. Fiziki cəhətdən yorğunluq yoxdur?

- İstənilən halda, müəyyən yorğunluq ola bilər. Amma bu, mənim işimdir, mən futbolçuyam və oynayıram. Bu hisslərin hər birinin öhdəsindən gəlirəm. Oynamağa da həmişə hazıram.

- "Turan Tovuz" hesabda önə keçdikdən sonra əksər vaxtlarda komanda geriyə çəkilir. Bu, baş məşqçinin tapşırığıdır?

- Xeyr, baş məşqçinin belə tapşırığı olmur. Sadəcə biz futbolçularıq, ola bilər bəzən konsentrasiya çatışmazlığı olur və geriyə çəkilmək məcburiyyətində qalırıq. Ancaq yaxşı oynamağa davam etsək, təbii ki, qollar vura bilərik. Yəni bu, bizim özümüzdən asılıdır.

Elçin Əlixan

Xəbər xətti