"Kəpəz"in hücumçusu: "Turan Tovuz"u məğlub edə biləcəyimizə inanıram"

15:05 - 24 Oktyabr 2024

“Oyuna yaxşı hazırlaşmağımız üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbi matçının məsuliyyətini anlayırıq”.

Sportal.az xəbər verir ki, bu sözləri “Turan Tovuz” ilə oyun öncəsi "Kəpəz"in üzvü Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib. Braziliyalı forvard hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində səylə çalışdıqlarını bildirib. Əlavə edib ki, gərgin oyun olacaq: “Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir”.

Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Qərb derbisinin özü üçün fərdi planda prinsipiallıq daşımadığını qeyd edib: “Növbəti çempionat oyunudur. Düzdü, əzəli rəqabəti nəzərə olaraq matçın prinsipial statusda olduğunu deyə bilərik. Biz meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mən mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.

Xəbər xətti