Şikayətlənmək Qurban Qurbanovun təbiətinə yad olsa da, sanki təbiət də onlara qarşıdır. Bir neçə gün əvvəl Şamaxı stadionunun başını duman almışdısa, ötən gün də burada qar "Qarabağ"a oyununu göstərməyə mane oldu.
Bir tərəfdən təqvim "Qarabağ"a çətinlik yaradıb. O biri tərəfdən də bir gün duman, o biri gün qar, hələ qarşıda Qubanın palçığı gözləyir Qurban Qurbanovun komandasını. Mərhum şair Böyükxan Pərvizin "Dərd bizə qonaq gələndə, arvad-uşaqnan gəlir" misraları düşür adamın yadına.
Yox, tarixinin ən uğurlu dönəmini yaşayan "Qarabağ"ın üzləşdiyi durum nə dərddi, nə də qara zolaq. Çətinlikdi! Bu da ki, idmanda da qaçılmazdır, həyatın özündə də.
Tərslikdən Şamaxıdakı oyunu təxirə salmaq da "Qarabağ"ın əleyhinə olardı. Yoxsa Şamaxıda bir gün də əlavə qalacaqdılar. "Qarabağ" üçün indi hər gün qızıla bərabərdir. Vəziyyət o yerdədir ki, Qurban Qurbanov da meydanı qardan təmizləməyə girişmişdi.
Nə qədər ağır şərtlər altında oynasa da, "Qarabağ" axırda "Şamaxı"nı da yendi, təbiəti də. Sona qədər dayanmaq bilməyən, axır-axırlarda açıq-aşkar yorulduğu sezilən Montiel bir ötürməylə "Şamaxı"nın müdafiə basırığında "deşik" tapdı, Duran da bitiriciliyini göstərdi bir daha.
Davam edir "Qarabağ"ın çempionluq mübarizəsi! Amma bu dəfə əvvəlkilərdən daha kəskin, daha ciddi...
Həmid
saytlarin hazirlanmasi
