Elşad Əhmədov: "Bu oyunda çatışmayan cəhətlərimizi gördük"

00:00 - 6 Avqust 2019

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində Super Liqa təmsilçisi “Gənclərbirliyi” klubuna 2:4 hesablı uduzduqları oyun barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanın çatışmayan cəhətlərini gördüyünü bildirib:

 

“Gənclərbirliyi” bu il Türkiyə Super Liqasına vəsiqə qazanıb. Start heyətlərində 7 legioner var idi. Komandamız ilk dəqiqələrdə oyuna uyğunlaşmaqda çətinlik çəkdi. Birinci hissədə 1:2 hesabıyla məğlub olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun məntiqi nəticəsi kimi gənc hücumçumuz Emil Qasımov hesabı bərbərləşdirdi. Bu yoxlama oyunudur. Buna görə, hamıya şans verdim. Oyunda bəzi boşluqlarımız oldu. Xüsusilə, yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi. Bunun da nəticəsində rəqib iki qol vurdu. Bu oyunda çatışmayan cəhətlərimizi gördük. Premyer Liqanın ilk turuna kimi çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq”.

Xəbər xətti