Azərbaycan Premyer Liqasında I turun “Neftçi” – “Sabah” (1:1) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- İlk oyun idi. Həqiqətən çətin oldu. Komandada həyəcan var idi. Rəqibin “Neftçi” olması da təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Heç-heçə ədalətli nəticədi. Hər iki komandanın qol imkanları oldu.
- Cavid İmamverdiyevin ötürmələrinin çoxu qeyri-dəqiq oldu. Fərdi hazırlığı istənilən səviyyədə deyil?
- Hazırlıq normal keçib. Bəlkə də, həyəcan ona təsir edib. Komandada yeni futbolçular var. Uyğunlaşmaqda bəlkə də bir az problem oldu. O, ayağı top tutan futbolçularımızdandı.
- Qol vəziyyətlərində komandanız daha üstün idi, iki dirək vurduz. Bu baxımdan çatışmazlıqları bildizmi?
- Bilirəm. Bunların üzərində işləyəcəyik.
- Bu mövsüm üçün əsas hədəf nədi və heyət yetərlidimi?
- Avrokuboka vəsiqə qazanmaq istəyirik. Bu heyətlə inanıram ki, bacararıq. 3-cü yeri tutmaq və ya kuboku qazanmaq istəyərik.