"Sabah" Gürcüstanda çempion oldu

00:26 - 3 Sentyabr 2019

"Sabah”ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən “Future Cup”da iştirak edib.

 

Elnur Zeynalovun komandası ilk oyunda Batumi “Dinamo”su ilə qarşılaşıb.

 

Görüş azərbaycanlı futbolçuların 8:0 hesablı qələbəsi ilə nəticələnib. Qollara Niyazi Osmanov, Xəlil Mürsəlli, Teymur Mirzəyev (2), Vüqar Axundzadə (2), Ömər Yusublu və Məhəmməd Məmmədov imza atıblar.

 

Növbəti görüşdə təmsilçimiz Tiflis “Dinamo”su ilə qarşılaşıb. Elnur Zeynalovun yetirmələri bu matçdan da qələbəylə ayrılıb (3:2). Qollara Niyazi Osmanov, Məhəmməd Məmmədov və Ömər Yusublu imza atıblar.

 

Növbəti görüşdə “Martve Kutaisi” komandasını 2:0 (qollara Niyazi Osmanov və Mirhafiz Talışzadə imza atıblar) məğlub edən U-14 yarımfinala yüksəlib.

 

Yarımfinalda “Baia Zuqdidi”ni minimal hesabla üstələyən “Sabah” həlledici görüşə vəsiqə qazanıb. Komandanı finala daşıyan qolu Niyazi Osmanov vurub.

 

Finalda rəqib Tiflis “Dinamo”su olub. 3:0 hesabıyla qalib gələn “Sabah” turniri qalib başa vurub. Həlledici görüşdə qollara Məhəmməd Məmmədov, Anar Cəbiyev və Niyazi Osmanov imza atıblar.

 

“Sabah”ın üzvləri turnirin təşkilatçıları tərəfindən bir neçə sahədə ən yaxşı adına layiq görülüblər.

 

F.Mehtizadə turnirin ən yaxşı qapıçısı, N.Hüseynbalayev ən yaxşı müdafiəçisi, N.Osmanov isə ən yaxşı oyunçusu seçiliblər.

Xəbər xətti