İqor Ponomaryov: "RFS-lə matçda futbolçular həyəcanlı idi, "Partizan"a qarşı daha inamlı olacaqlar" - MÜSAHİBƏ

15:17 - 6 Avqust 2023

"Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Sportal.az saytına müsahibə verib.

- "Sabah" Konfrans Liqasının ikinci mərhələsində RFS səddini keçə bildi. Matçlardan öncə buna inanırdınız? Hər halda, RFS ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində oynamış komandadır...

- Əlbəttə ki, inanırdım. Biz RFS-ə qarşı düzgün oynadıq. Müdafiədə etibarlı idik, sürətli əks-hücumlardan istifadə etdik. Latviya klubunun da haqqını vermək lazımdır, yaxşı təşkilatlanmış komandadır. Nəzərə almaq lazımdır ki, ilk hissədə rəqibin qol şansı olmadı, biz isə üç dəfə qola yaxınlaşdıq. Məhz bundan sonra iki qol vuraraq hesabda irəli keçmişdik. 

- Cavab görüşündə "Sabah" məğlub da ola bilərdi. Çünki RFS 10 nəfərlə hesabı açıb, sonradan ikinci qolu vurmaq üçün irəli atılmışdı. "Sabah"ın əks-hücumlardan lazımınca istifadə edə bilməməsi nə ilə əlaqədar idi? Təcrübəsizlik?

- Düşünürəm ki, əks-hücum taktikasından düzgün istifadə etdik. Artıq ilk hissədə hesabda önə keçməliydik. Hər halda, sonda da qalib gəldik.

- "Sabah" RFS komandası ilə görüşlərdə gələcəyə ümid verdi? Növbəti rəqib "Partizan"dır. Sizcə, püşkatma "Sabah" üçün uğursuz oldu, yoxsa istənilən halda bu mərhələdə güclü rəqibin gələcəyini ehtimal edirdiz?

Bu, bizim üçün ilk iki rəsmi beynəlxalq oyunlar oldu. Məncə, uşaqlar həyəcanlı idi, hamı yaxşı oynamaq istəyirdi. Bu baxımdan ikinci oyunda uşaqlar özlərinə daha inamlı olacaqlar. Püşkə gəlincə, nə qədər irəli getsən, rəqib bir o qədər güclü olacaq. Axı bu maraqlıdır.

- "Sabah" "Partizan"la matçlarda nəyə və kimə ümid edə bilər? "Partizan" səddini keçə bilərsiniz?

- “Partizan” adlı-sanlı komandadır. Bu cür komanda ilə qarşılaşmaq çox maraqlı olacaq. Mən bu komandanı görməmişəm. Hansısa taktiki gedişlərdən, nəyə əsasən “Partizan”ı keçə biləcəyimiz barədə danışmaq mənim üçün çox çətindir. Bunu etməyi öhdəmə götürmürəm.

- Aleksey Kaşukun yoxluğu hiss edilir? Marqarita sanki onun səviyyəsində deyil...

- Əlbəttə, Aleksey Kaşukun bizimlə olmasını istəyərdim. Amma reallıq belədir. İki oyunçunu müqayisə etmək istəməzdim. Çünki onların hər birinin özünəməxsus güclü tərəfləri var. Marqarita RFS-lə matça əvəzetmədən yaxşı çıxdı. Hamı onun texnikalı, yüngül, çevik olduğunu gördü. Ümid edək ki, komandamız üçün çoxlu qollar vuracaq və problemsiz komandaya uyğunlaşacaq.

- UEFA gələcək həftə Azərbaycan klublarının ev oyunlarını eyni gündə Bakıda keçirilməsinə qərar verib. Bu haqda fikriniz necədir və sizcə, "Sabah"ın oyununa gələcək azarkeş sayına təsir edəcək?

- Əlbəttə, bu çox yaxşı deyil. Bu, şübhəsiz ki, azarkeşlərin sayına təsir edəcək. Hər halda ümid edirəm ki, sadiq azarkeşlərimiz həmin gündə bizimlə olacaqlar.

- Artıq bu gün "Sabah" ölkə çempionatında ilk oyununa çıxacaq. Rəqib "Qəbələ"dir. "Sabah" bu mövsüm yenə çempionluq mübarizəsində yer ala biləcək?

- İnsanların bizə inandıqlarını eşitmək xoşdur. Belə deyim, general olmağa can atmayan əsgər yoxdur. Yaxşı olacağına inanıram.

Mirbağırağa
 

Xəbər xətti