Azərbaycan futbolunda qəribə hadisə: Öncə təxirə salındı, sonra davam qərarı verildi

15:17 - 27 Yanvar 2024

Azərbaycan futbolunda qəribə hadisə baş verib. 

Sportal.az xəbər verir ki, Gənclər Liqasının 19-cu turu çərçivəsində dekabrın 23-də Aviasiya Akademiyasının stadionunda keçirilən "Araz Naxçıvan" - "Sabah" matçı 15-ci dəqiqədə dayandırılıb. Sonradan AFFA İntizam Komitəsi (İK) məsələni müzakirəyə çıxarıb, stadionda təhlükəsizlik nümayəndəsi olmadığı üçün oyun dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın "Araz-Naxçıvan"la oyunla bağlı şikayətini təmin etməyib. Məsələ burasındadır ki, oyun təhlükəsizlik nümayəndələrinin olmaması səbəbindən 27 dəqiqə gec başlayıb. Daha sonra onlar stadiona gəlib və 15-ci dəqiqədə yenidən arenanı tərk edib. Buna görə də oyunun komissarı matçı yarımçıq dayandırıb və Naxçıvan klubuna texniki məğlubiyyət veriləcəyini bildirib. Lakin AFFA İK-nin verdiyi qərar "Sabah" tərəfi narazı salıb. Məsələ haqda Masazır klubunun məşqçisi Saşa Yunisoğlu vəziyyəti belə izah edib:

"Matç Aviasiya Akademiyasının stadionunda baş tutub. 15-ci dəqiqədə hesab 1:1 idi. Meydança kimi AFFA-nın İntizam komitəsinin verdiyi qərar da bərbaddır. Başa düşürəm, hansısa vacib səbəblərə görə, məsələn, hava şəraiti pis olsa, projektor problemi yaranarsa, oyunu maksimum bir gün sonraya təyin edərlər. Dünya futbolunda belə praktika var və bu normaldır. Özüm də belə vəziyyətlə üç dəfə rastlaşmışam. Hər dəfə oyun təxirə salınan günün sabahsı davam edib. Əgər bu oyunda bizə desəydilər ki, sabah oynamalısınız, heç kim narazılıq bildirməzdi. Amma bizim oyunu dayandırıblar və dedilər ki, "Araz-Naxçıvan" oyunu təşkil edə bilmədiyi üçün onlara 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Amma nəticə? 20 gündən sonra İntizam Komitəsindən məktub gəlir ki, qarşılaşma 15-ci dəqiqədən, qaldığı yerdən davam edəcək. Bu necə ola bilər? Məntiqsiz, dünyada anoloqu olmayan qərar necə çıxarılıb? Qaydalar, oyun təmin edə bilməyən komandaya texniki məğlubiyyət verilməlidir, vəssalam. Matç iki aydan sonra qaldığı yerdən, 75 dəqiqə necə davam etdirilə bilər? Hansı heyətlərlə, hansı protokolla? Bax, təsəvvür edin, "transfer pəncərəsi" açıqdır. Hər komandada gedən və gələn oyunçular var. Təsəvvür edin, həmin oyunda iştirak etmiş futbolçu bir komandadan o birinə keçib. İndi o 15 dəqiqə ev sahibinin heyətində, digər qalan 75 dəqiqəni rəqib komandada oynayacaq? Qol vursa, onda necə olacaq? Bu, sadəcə gülməli hadisədir. U-19 liqasının UEFA nəzarətində olduğu deyilir. Bəs, İK-nin çıxardığı bu nə qərar nədir? Demək ki, əsasnamə heç nədir? Bundan sonra hər komanda belə bir şeyi öz xeyrinə istifadə edə bilər? Oyunqabağı təhlükəsizlik təmin edilmir, səfər komandasını gözlədirlər, yorurlar...Əgər oyun yaxşı getmirsə, polisi və ya ambulansı stadiondan göndərib, desinlər ki, nə vaxtsa sonra oyunu davam etdirərik. Belə şey olar?".

Mirbağırağa

Xəbər xətti