Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion” maliyyə problemlərinə görə qarşıdakı mövsüm Fransa çempionatının ikinci divizionunda çıxış edəcək.
Sportal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Fransa klubu hətta transfer qadağasına məruz qalacaq.
Liqa 1-in 11 turunun nəticələrinə əsasən, Pyer Sajın komandası 18 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Üstəlik, “Lion” yeddiqat ölkə çempionudur. Klub 5 dəfə Fransa Kubokunu qazanıb.
Avqust ayında maliyyə monitorinqinə cavabdeh olan təşkilat qərara gəlib ki, “Lion” transferlərdən 100 milyon avro qazanmalıdır. Klub daha sonra maliyyə fair-play ilə bağlı problemlərə görə komandanın əksər oyunçularını transferə çıxarıb.
Qeyd edək ki, Avropa Liqasının 5-ci turu çərçivəsində "Qarabağ" Bakıda "Lion"u qəbul edəcək. Matça Bakı vaxtı ilə 21:45-də start veriləcək.