“Qarabağ” hər kəsi təəccübləndirməyə alışmış komandadır" - İtaliya mətbuatı

15:56 - 25 Noyabr 2025

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində səfərdə "Napoli"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, "Il Meridiano Sport" nəşri oyundan öncə Azərbaycan çempionu haqda yazı hazırlayıb. Məqalədə "Qarabağ"ın keçdiyi yoldan və bu mövsüm turnirdəki uğurlu çıxışından bəhs olunub.

Həmin yazını diqqətinizə çatdırırıq:

"Napoli” bu axşam Çempionlar Liqasındakı “Qarabağ”la qarşılaşmaya hazırlaşır. “Qarabağ” hazırda Azərbaycan futbolunun ən güclü və tanınan komandalarından biridir.

Son illərdə klub UEFA turnirlərində ardıcıl olaraq böyük təcrübə qazanıb və avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilib.

“Napoli” üçün bu oyun xüsusi diqqət tələb edir. Çünki qarşılarında bu mövsüm Çempionlar Liqasında gücünü və xarakterini artıq nümayiş etdirmiş, yaxşı təşkilatlanmış bir rəqib olacaq.

Klub və mövcud heyət

1951-ci ildə Ağdam şəhərində təsis edilən “Qarabağ” bu gün Azərbaycanın ən nüfuzlu klublarından biri sayılır. Lakin klubun tarixi 1990-cı illərin əvvəllərində kəskin şəkildə dəyişdi. Müharibə regionu dağıtdı, Ağdam yerlə-yeksan edildi və tarixi “İmarət” stadionu bombalandı.

O vaxtdan etibarən komanda öz doğma şəhərindən ayrılmağa məcbur olub və hazırda ev oyunlarını keçirdiyi Bakı şəhərinə köçüb.

“Qarabağ”ın Avropa yolu

Doğma stadionu və yerli azarkeş dəstəyi olmadan da klub ölkənin ən uğurlu komandalarından birinə çevrilə bildi.

2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə tarixi vəsiqə qazandıqdan sonra, hazırkı mövsümdə “Qarabağ” Avropaya fərqli yanaşma ilə daxil oldu.

İlk qələbə “Benfika” üzərində əsl dönüşlə gəldi. Onlar hesabda 0:2 geridə olmalarına baxmayaraq, 3:2 hesablı qələbə qazandılar.

Komanda daha sonra “Kopenhagen”ə qalib gəldi və “Çelsi” ilə 2:2 hesablı heç-heçə əldə etdi. Yeganə məğlubiyyət “Atletik”in meydanında baş verib.

Hər oyuna orta hesabla 2 qol vuran Azərbaycan təmsilçisi Liqa mərhələsində 7 xal toplayıb.

“Napoli” üçün qələbə məcburiyyəti: turnir cədvəli, "Atalanta" qələbəsi sonrası vəziyyət və davamlılıq ehtiyacı

A Seriyasında “Atalanta” ilə oyunda qələbə qazandıqdan sonra “Napoli” bu yüksəliş siqnalına davamlıq verməyə borcludur.

Bu uğur son dövrlərdə ritmini itirən komandanın enerjisini və özünə inamını bərpa edib.

İndi məqsəd həmin çıxışı yeni başlanğıca çevirmək, komandanın diqqət, intensivlik və sabitlik baxımından yüksək səviyyəni qoruya biləcəyini sübut etməkdir.

“Maradona”dakı Çempionlar Liqası oyunu asan keçməyəcək.

“Qarabağ” hər kəsi təəccübləndirməyə alışmış komandadır. “Napoli”nin Avropa yolunda və mövsümün ən həssas anında yenidən irəliləmək üçün oyunda maksimum diqqət, balans və düzgün qərarlar verməsi tələb olunacaq. Həm də yenidən qazanılmış motivasiyadan maksimum istifadə etməklə".

Xəbər xətti