"Millidən ayrılmaq üçün ən doğru zamanın indi olduğunu düşündüm" - Emin Mahmudov

22:41 - 15 Noyabr 2026

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov sabah Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, futbolçu milli komandadakı son oyunu ilə bağlı bunları deyib:

“Bir qədər həyəcanlı olacaq, çünki bu, milli komandada son oyunumdur. Hər qarşılaşmada olduğu kimi, sabah da meydana qələbə üçün çıxacağıq. Yaxşı oyunumla yadda qalmağa çalışacağam. Milli komandanın heyətində iştirak etdiyim ilk mətbuat konfransını xatırlamıram. Elə vaxtlar olub ki, mətbuat konfranslarına yalnız mən qatılmışam. Buna görə də ilkini xatırlamaq çətindir”.

– Milli komandadakı karyeranızı başa vurmaq qərarınız gözlənilməz oldu. Bir çox azarkeş son oyununuzu Bakıda keçirəcəyinizi düşünürdü.

- Bu, milli komandadır. Növbəti ev oyununun nə vaxt olacağını hər zaman bilmək olmur. Qərarımı yaxşı düşünmüşəm. Ailəmlə, dostlarımla və baş məşqçi ilə məsləhətləşdikdən sonra bu addımı atmağa qərar verdim. Düşündüm ki, ayrılmaq üçün ən uyğun vaxtdır. Bunu çox uzatmaq istəmədim.

– Milli komandada 17-ci qolunuzu vurmaq barədə düşünürsünüz?

- Hər oyunda qol vurmaq istəyirəm. Amma mənim üçün hər zaman əsas məqsəd komandamın qələbə qazanması olub.

Xəbər xətti