Futbol təkcə oyun deyil. İdmanın şahı sayılan idman növünün pərəstişkarları çox güman, bu ifadəni tez-tez eşidirlər. Bəli, futbol dünyada sıradan bir idman növü olmaqdan çoxdan çıxıb. Hazırda dünya futbolunun nəhəngləri yaşıl meydanda qazanılan nəticələrlə yanaşı, stol arxasında qazanılan uğurlara, bir az da dəqiqləşdirsək, klubların bir şirkət kimi gəlir gətirməsinə ciddi önəm verirlər. Son illərdə Avropanın ali futbol qurumu olan UEFA-nın canına təlaş salan “Avropa Superliqası” ideyası da idman prinsiplərinə yox, məhz kommersiya maraqlarına söykənir.
Dünyanın inkişaf etmiş futbol ölkələri ilə ayaqlaşa bilməyən ölkəmiz məhz bu baxımdan da axsayır. Azərbaycan klublarının əksəriyyəti büdcəsinin demək olar 100 faizini sponsorlardan və AFFA-dan ayrılmış məbləğlə qarşılayırlar. Bu baxımdan nisbətən fərqlənən klub kimi “Qarabağ”ı qeyd edə bilərik. Bu il ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış Ağdam təmsilçisi həm Avropa arenasında nəticələri, həm də bəzi futbolçuların (Kadi, Vadji, Ndlovu və s.) xarici klublara satışı ilə büdcəsinin kiçik də olsa müəyyən hissəsini qarşılaya bilir.
Son aylarda bu baxımdan “Sabah” da diqqət çəkməyə başlayıb. Cari mövsümdə ölkə çempionatında işləri heç də qaydasında getməyən Masazır təmsilçisi bir neçə futbolçusunun satışı ilə müəyyən məbləğdə vəsait əldə etdi. “Sabah”ın son aylarda transferlərdən əldə etdiyi bəzi gəlirlərə nəzər salaq:
Bəhlul Musatafazadə - Hazırda “Qarabağ”ın uğurları üçün çalışan millimizin üzvü 2021-ci ildə “Sabah”dan BƏƏ-nin “Əl-Əyn” klubuna ölkəmiz üçün heç də az hesab edilməyən 500 min avroya (təxminən 930 min manat) keçdi. “Əl-Əyn” daha sonra bu keçiddən imtina etsə də “Sabah” klubunun FİFA-ya şikayətindən sonra dünyanın ali futbol qurumu Masazır təmsilçisinin şikayətini haqlı hesab etdi. Ərəblərin CAS-a müraciəti də onlar üçün müsbət nəticə vermədi. İdman Arbitraj məhkəməsi də Azərbaycan klubunun xeyrinə qərar verdi. Bu məsələyə ötən ildə yekun vuruldu və “Sabah” nəinki onlara çatmalı olan 500 min avronu, həmçinin müəyyən qədər əlavə təzminat da əldə etdi.
Ceyhun Nuriyev – 18 yaşından “Sabah”ın uğurları üçün çalışan Ceyhun Nuriyev qış fasiləsində “Zirə”yə 100 min manat qarşılığında transfer edildi. Masazır təmsilçisi nadir hallarda əsas heyətdə yer alan, buna görə klubdan ayrılmaq istəyən Nuriyevi azad agent kimi göndərməməklə onun satışından da müəyyən məbləğdə gəlir əldə etməyə nail oldu.
Coy-Lens Mikels – “Sabah”ın tarixinin ən məhsuldar futbolçusu olan almaniyalı vinger yayda Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edildi. Mikels müqaviləsində yer alan azad qalma maddəsi əsasında Səudiyyə təmsilçisinə yollandı. Müqavilənin bu bəndində yer alan maddəyə əsasən, ərəblər Coy-Lens üçün “Sabah”a 300 min avro (560 min manat) ödəməli oldu.
Aleksey İsayev – son illərdə “Sabah”ın uğurlarının əsas memarlarından olan futbolçunun klubdan ayrılması idman ictimaiyyətində geniş müzakirələrə səbəb oldu. Keçidin yaşıl meydanda komandaya necə təsir edəcəyi məsələsini bir kənara qoyaraq sırf maliyyə yönündən yanaşsaq, klubun ölkə futbolu üçün kifayət qədər ciddi sayılacaq məbləğdə qabağa düşdüyünü deməliyik. Belə ki, “Sabah” İsayevin satışından 500 min dollar (850 min manat) qazandı ki, bura futbolçunun “Qarabağ”ın avrokubokların cari mövsümündəki oyunlarından birində şans qazanacağı təqdirdə verilməsi nəzərdə tutulan müəyyən məbləğdə bonusu da əlavə etsək keçidi Masazır təmsilçisi üçün sırf maliyyə baxımından kifayət qədər uğurlu saymaq olar. Nəzərə alaq ki, “Sabah” Alekseyi 2020-ci ilin yayında “Sumqayıt”dan havayı, yəni azad-agent kimi əldə etmişdi.
Yuxarıda qeyd edilənlərlə bağlı ümumiləşdirmə aparsaq, “Sabah”ın son bir neçə ayda təkcə futbolçu satışından 2,5 milyon manatdan çox gəlir əldə etdiyini görərik. Məsələyə sırf maliyyə baxımından yanaşsaq, klubun bu baxımdan kifayət qədər uğurlu siyasət yeritdiyini qeyd etməliyik. Ümumiyyətlə, transfer məsələsində “Sabah”ın ölkə futbolunda yeni yanaşma gətirdiyini deyə bilərik. Belə ki, əvvəlki illərdə ölkə klubları ölkədaxili trfansferlərdə əksər hallarda (nadir istisnalar da var idi) azad agentlərə üstünlük versə də, “Sabah” bir klub olaraq çempionatda çıxış etdiyi ilk mövsümdən başqa klublardan oyunçu keçidini rəsmiləşdirərkən əksər hallarda həmin futbolçunun yetişməsində mühüm rol oynayan klublara haqqını ödədiyinin şahidi olmuşuq. Bura Amin Seydiyev, Bəhlul Mustafazadə və s. kimi başqa futbolçuları aid etmək olar.
P.S: Bu yazıda ancaq klubun son aylarda futbolçu satışından əldə etdiyi gəlirləri nəzərdən keçirdik. İstənilən halda, futbolda uğur və ya uğursuzluğu yaşıl meydanda qazanılan nəticə müəyyən edir. Ötən il uğurlu çıxışı ilə çempionatı ikinci pillədə - gümüş mükafatçı kimi başa vuran, cari mövsümdə isə çempionatda işləri qaydasında getməyən “Sabah”ın nə qədər uğurlu mövsüm keçirdiyinə mövsümün sonunda qiymət vermək olar.
Həmid
saytlarin hazirlanmasi