Azərbaycan yığmasının yeni baş məşqçisi: "Onu etmədiklərinə görə Litva yığmasından ayrıldım" - MÜSAHİBƏ

12:18 - 9 Avqust 2024

Ötən ay çimərlik futbolu üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyinatı baş tutdu. AFFA yığmanı son olaraq Litva millisinə rəhbərlik etmiş Sahib Məmmədova tapşırdı. Uzun illər Baltikyani ölkənin çimərlik futbolu yığmasına rəhbərlik etmiş həmyerlimiz Sportal.az saytına müsahibəsində Azərbaycan millisindəki hədəflərindən danışıb. 

- Uzun illər Litva millisində çalışdıqdan sonra oradan ayrıldınız. Səbəb nə oldu?

Litva millisindən ayrılmağımın səbəbi çox qəribə bir hadisəyə görə oldu. 2019-cu ildən Litva Çimərlik Futbolu Federasiyası yaranmışdı, elə ilk gündən də mən oradaydım. Bu ilin mayında isə oradan ayrıldım. Avropa B divizionun çempionu olmuşduq. Litva tarixində ilk dəfə A divizionuna vəsiqə qazanmışdıq. Rəhbərliyə dedim ki, bizə gələn il çoxlu hazırlıqlar lazımdır. Çünki A divizionudur, B divizionu deyil. Onlar da mənimlə razılaşmışdı. Bu il dekabrın sonuna qədər müqaviləm var idi. Aprelin sonu üçün Türkiyədə toplanış keçəcəkdik. Təsdiqlənmişdi də. Getməyimizə 10 gün qalmış dedilər ki, alınmır, getmirik. Maliyyə sarıdan problem oldu. Mən də onlara demişdim ki, əgər yaxşı hazırlıq olmasa, A divizionu çətindir və oyunları uduzmaq istəmirəm. Məhz bu məsələlərə görə anlaşılmazlıq oldu. Türkiyə toplanışını təxirə saldılar, çox əsəbiləşdim. Hər şey bundan irəli gəldi. Yığıncaq oldu, dedilər ki, bir toplanışa görə belə etmə. Mən də bildirdim ki, vaxta az qalıb, hazırlaşmaq lazımdır. Bir neçə ölkədə hazırlıq keçməliyik ki, komanda yaxşı duruma gəlsin. Ancaq məhz bu məsələyə görə ayrılıq oldu. İstəyirdim ki, Litva yaxşı toplanış keçsin. Onu etmədilər, Litva millisindən ayrıldım. 

- Bəs Azərbaycan millisindən dəvət nə vaxt gəlmişdi?

Elə bu il gəlmişdi. Həm AFFA, həm də Azərbaycan Çimərlik Futbolu Federasiyası tərəfindən dəvət oldu. Amma tək namizəd mən deyildim. İspaniyalı, rusiyalı namizəd də var idi. Sonda ortaq məxrəcə gəlib, mənə üstünlük verdilər. AFFA və Azərbaycan Çimərlik Futbolu Federasiyasına təşəkkür edirəm ki, yerli məşqçiyə inandılar. 

- Federasiyanın sizin qarşınıza qoyduğu əsas hədəf nədən ibarətdir?

Rəhbərliklə danışmışam. Onlar hansısa hədəf qoymayıblar, sadəcə öz hədəflərimi soruşublar. Mənim ən böyük hədəflərimdən biri dünya çempionatının seçmə mərhələsindən əsas mərhələyə vəsiqə qazanmaqdır. Azərbaycan millisi heç vaxt DÇ-də oynamayıb. Ən böyük hədəflərimdən biri odur. B divizionuna düşmüşük. Gələn il bu divizionda qalib olaraq yenidən A divizionuna qayıtmaq istəyirik. A divizionunda oynasaq, ən böyük hədəflərimdən biri də ¼, yarımfinaldır. Niyə də final olmasın? Ən böyük hədəflərimdən biri də odur.

- Bir ara Azərbaycanda çimərlik futbolu çox yaxşı səviyyədə idi, maraq da yüksək olurdu. Lakin son illərdə həm maraq azalıb, həm də millimiz zəif nəticələr göstərir. Bunu nə ilə əlaqələndirirsiz?

2014-cü ildə Azərbaycandan çıxmışdım. 11 il idi ki, Azərbaycan Çimərlik Futbolunun tərkibində deyildim. Ona görə nəsə deyə bilmərəm. Azərbaycanda olub, nəsə bilsəydim, deyərdim. Sadəcə onu deyə bilərəm ki, futbolda eniş və yüksəliş mümkündür.

- Maraqlıdır, Litvada olduğun müddətdə heç böyük futbol və ya futzal, minifutbolda çalışmaq təklifin var idi? Yoxsa, diqqətini sırf çimərlik futboluna yönəltmişdin?

Heç vaxt belə təklif olmamışdı. Özüm böyük futbol və futzal oynamışam. Amma məşqçi kimi heç vaxt təklif olmayıb. Sırf çimərlik futbolu ilə məşğul olmuşam. 2008-ci ildən çimərlik futbolundayam, 16 ildir ki, buradayam. Türkiyədə də oyunçu və məşqçi kimi fəaliyyət göstərmişəm. Litva klubunda da məşqçilik etmişəm.

Mirbağırağa

Xəbər xətti