"UEFA-dan gələn vəsaitlər, bonuslar, qrantlar yalnız Premyer Liqa təmsilçilərinə verilir" - I və II Liqa klubları kənarda qalıb

13:57 - 22 Avqust 2026

II Liqa klubları Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Bu barədə sportal.az saytına açıqlamasında "Dinamo" klubunun prezidenti Yaşar Seyidov açıqlama verib:

"Dövlət tərəfindən II Liqa klublarına ayrılan 58 min manatla ayaqda qalmaq çətindir. Çünki bu pulun demək olar hamısı stadion icarəsi və nəqliyyat xərclərinə gedir. Futbolçulara və işçilərə əməkhaqqı verməyə əldə vəsait qalmır. Buna görə də, II Liqa klublarının rəhbərləri Peşəkar Futbol Liqasına müraciət edib ki, bu məsələ İcraiyyə Komitəsi qarşısında qaldırılsın və bizə ayrılan maliyyə artırılsın. 

İcraiyyə Komitəsində müzakirəyə çıxarılmasını istədiyimiz daha bir məsələ də var. UEFA-dan gələn vəsaitlər, bonuslar, qrantlar yalnız Premyer Liqa klublarına ayrılır. Halbuki Premyer Liqa klublarının sponsorları var, dövlət tərəfindən də uşaq futboluna görə illik 500 min manat verilir elita təmsilçilərinə. I və II Liqa klubları kənarda qalıb. 

Biz də Azərbaycan futbol ailəsinin üzvüyük, biz də uşaq futbolunu inkişaf etdirməyə çalışırıq. Ümid edirik ki, İcraiyyə Komitəsi bu məsələ ilə bağlı da adekvat qərar çıxaracaq".

Xəbər xətti