"Vernidub yaxşı iş ortaya qoymuşdu, həmin dinamika olarsa, çempionluq mübarizəsi də mümkündür" - "Neftçi"nin keçmiş futbolçusu

15:18 - 22 Avqust 2026

“Neftçi” və “Dinamo”(Kiyev) klubunun sabiq futbolçusu, hazırda Qırğızıstan yüksək liqasında yarışan “Asiya” klubunun baş məşqçisi Maksim Şatskixin köməkçisi kimi işləyən Oleg Gerasimyuk Sportal.az saytına açıqlama verib.

O, sabiq komandası “Neftçi”nin Konfrans Liqasında təsnifat mərhələsində “Dinamo”(Minsk) səddini keçə bilməməsinə münasibət bildirib: “Neftçi” “Dinamo” matçına yaxşı başlamışdı, amma sonradan qələbə əllərindən çıxdı. Yəqin ki, asanlıqla qalib gələcəklərini düşünüblər deyə, belə alınıb. Səfərdə isə oyuna qayıtmaq artıq yəqin ki, çox daha çətin idi. Mənim başa düşdüyümə görə, gözləntilər çox böyük idi, xüsusən də rəqib elə də tanınmış və güclü komanda deyildi. Ona görə də belə nəticəni qəbul etmək yəqin ki, çox çətindir”.

Ukraynalı "Neftçi"nin baş məşqçisi, həmyerlisi Yuri Vernidubun işini dəyərləndirib:

“Yuri Nikolayeviç ötən mövsüm “Neftçi”də necə yaxşı iş ortaya qoydu, hamımız gördük. Həmin dinamika yenə də olarsa, çempionluq uğrunda da mübarizə aparmaq mümkündür. Avrokubokla birlikdə çempionatda da mübarizə aparmaq çətin olardı. İndiki vəziyyətdə isə sakitcə çempionatda istədikləri hədəf uğrunda mübarizə apara biləcəklər”.

Mirbağırağa

Xəbər xətti