"Qarabağ"la heç bir klubu müqayisə etmək istəmirəm, onlar liqamızın ən güclüsüdür"

18:22 - 22 Avqust 2026

"Kəpəz"in futbolçusu Vadim Abdullayev Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının ilk turunda "Sabah"a məğlubiyyəti şərh edib.

O, komandasının ilk turda uğursuz nəticəsi haqda bunları deyib: "Hər oyunun öz hökmü olur. Dəqiqələr keçdikcə, matç sona yaxınlaşdıqca ümid hər zaman çoxalır. İstəyirdik ki, xal qazanaq, amma qismət belə imiş. Çempionatın ən güclü komandalarından biri ilə ilk oyunumuzu oynadıq. Ona görə də ağır olacağını gözləyirdik. "Sabah"ın demək olar ki, bütün heyəti dəyişilmişdi. Bizim üçün avantaj ola bilərdi. Bunu xeyrimizə olacağını güman edirdik. "Qarabağ"la Azərbaycanda heç bir klubu müqayisə etmək istəmirəm. Mənə görə "Qarabağ" bizim çempionatımızın yenə də ən güclü komandasıdır".

"Kəpəz" çempionatın 2-ci turunda "Qarabağ"la qarşılaşmalı idi. Abdullayev, həmin matçın təxirə salınması haqda bunları deyib:

"Qarabağ"la oynasaydıq bizim üçün əlbəttə ki, daha yaxşı olardı. Artıq oyun təxirə salınıb. "Qarabağ"a da Konfrans Liqasında uğurlar arzulayıram. Mövcud durumla barışıb növbəti oyuna köklənəcəyik. Qarşıdakı turda "Turan Tovuz"a qarşı qərb derbisinə çıxacağıq. Çox istəyirik ki, doğma stadionda azarkeşlərimizə qələbə sevinci bəxş edək. Onun üçün meydançaya çıxıb mübarizə aparacağıq. "Kəpəz" üçün asan oyun olmayacaq bu çempionatda. Sadəcə hər oyuna mərhələ-mərhələ hazırlaşıb, köklənmək lazımdır. Allah qoysa, hədəfimiz maksimum xallar toplayaraq yuxarılarda qərarlaşmaqdır".

Mirbağırağa
 

Xəbər xətti