"Lempard və Cerrarda verilən fürsət qaradərili oyunçulara verilmədi" - Sterlinq futboldakı irqçilikdən danışdı

15:55 - 9 İyun 2020

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polisin boğaraq öldürdüyü afroamerikalı Corc Floydun ölümündən sonra "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq irqçiliklə bağlı növbəti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü futbol camiəsində də irqçiliyin olduğunu deyib:

 

"Mən futbolçuyam və bu idman növünün içində qalmağa qərar vermişəm. Sizə futbol dünyası ilə bağlı maraqlı bir şey deyim: Stiven Cerrard, Frenk Lempard, Eşli Koul və Sol Kempbell möhtəşəm oyunçular olub. Dördü də İngiltərə millisində oynayıb və karyeralarını bitirdikdən sonra eyni məşqçilik kurslarına gediblər. Ancaq Lempard və Cerrarda verilən fürsət digər iki qaradərili oyunçuya verilmədi.

 

İngiltərənin ən yüksək 4 liqasında 91 klub var, ancaq cəmi altı komandada qaradərili baş məşqçi var. Bundan əlavə, qaradərili hakimlər yox saydadır. Premyer Liqada 500 civarında futbolçu var. Onlardan üçdə biri qaradərilidir, ancaq Premyer Liqa və federasiyanın idarə heyətində qaradərili şəxs yoxdur. Məşqçilər heyətinə baxın, orada qaradərili mütəxəssis görmək çox çətindir.

 

Qaradərili insanlara edilən haqsızlıq mövzusunda bizi anlayan yoxdur. Bu gün davam edən etiraz dalğalarını haqlı sayıram. Belə halda bizim də danışmaq imkanımız olur. Ancaq sözlər kifayət etmir. Çünki illərdir ki, bunu dəyişmək üçün danışırıq, amma irəliləyiş yoxdur. Dəyişmək vaxtı gəlib!"

Xəbər xətti